“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, yük və sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair təsdiq olunmuş proqramlar üzrə xüsusi hazırlıq keçirlər.
AzEdu.az xəbər verir ki, hazırlığın təşkili və keçirilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir.
2026-cı ilin avqustun 6-da Dövlət İmtahan Mərkəzi tərəfindən hər iki kateqoriyaya aid sürücülərin hazırlığının qiymətləndirilməsi üçün test imtahanı keçiriləcək.
İmtahanda iştirak etmək istəyən hazırlıq keçmiş şəxslər ilk növbədə DİM-in internet saytında (//ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalıdırlar. İmtahan iştirakçıları 10 iyul saat 16:00-dan 23 iyul saat 17:00-dək müvafiq olaraq aşağıdakı xidmətlər vasitəsilə qeydiyyatdan keçməlidirlər:
1. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin daşımalarını yerinə yetirən sürücülərin test imtahanında iştirak etmək üçün qeydiyyatı:
//exidmet.dim.gov.az/elimt/odstest
2. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımalarını yerinə yetirən sürücülərin test imtahanında iştirak etmək üçün qeydiyyatı
//exidmet.dim.gov.az/elimt/odytest
“Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidlərə yerləşdirilib.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanları Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı) təşkil olunacaq. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.