İngiltərə və Uelsdə 2025-ci ildə oğlan körpələrə ən çox verilən ad yenidən Məhəmməd olub. Beləliklə, bu ad ardıcıl üçüncü ildir ki, ən populyar oğlan adı seçilib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumata görə, 2025-ci ildə 5 min 957 oğlan körpəyə Məhəmməd adı verilib. Bu göstərici əvvəlki illə müqayisədə 4 faiz artım deməkdir.
Statistikaya əsasən, oğlan adları arasında Noah ikinci, Leo isə üçüncü yerdə qərarlaşıb.
Qız körpələr arasında isə Olivia adı liderliyini qoruyub saxlayıb. 2025-ci ildə 2 min 386 qıza bu ad verilib. Olivia adı artıq 10-cu ildir ki, İngiltərə və Uelsdə qızlar üçün ən populyar ad olaraq qalır.
Qız adları siyahısında ikinci yeri Lily, üçüncü yeri isə Amelia tutub.