22 iyul…
Tarixdə elə günlər var ki, millətin yaddaşında yer alır. 22 iyul belə günlərdəndir. Bu tarix Azərbycanda sözün millət qarşısında məsuliyyət anıdır. 1875-ci ilin 22 iyulunda qələm könüllü şəkildə çiyinlərinə Vətən yükü götürdü...
Bizi o gündən 150 ildən çox zaman ayırır. O vaxtdan indiyə dünya dəfələrlə dəyişib. Sərhədlər dağılıb, dövlətlər yaranıb, yox olub. Texnologiya insanın həyatını əlindən alıb. İndi bir telefon milyonlarla kitabın yerini tutur. Bir paylaşım saniyələr içində qitələri dolaşır. Robotlar xəbər hazırlayır. Dünya informasiya selinin içində yaşayır. Azərbaycanda da eyni proseslərdən keçib.
Bu dəyişikliyin içində qəribə bir həqiqət var. Həsən bəy Zərdabi dəyişmir...
Adama elə gəlir ki, elə indi redaksiyanın qapısından içəri girəcək. Ağayana şəkildə məsləhətlərini verəcək.
Hər bir halda Zərdabi heç vaxt keçmişdə qalmır. Deyirik ki, internet dövrüdür, yeni media əsridir. Hətta iddia edirik ki, informasiya hər şeydən sürətlidir. Onda necə olur ki, yüz əlli, iki yaz il əvvəl yaşamış bir insan bu günlə eyni vaxtda nəfəs alır?
Cavablar çox ola bilər, gerçəklik isə birdir. İnsan ömrü yaratdığı dəyər, yaratdığı gələcəklə ölçülür.
Bəli, Zərdabi gələcək yaratmış nadir adamlardandır.
Onun dövründə yazmaq, kağız, mürəkkəb tapmaq problem idi. Çap etdirmək böyük mübarizə idi. Bir yazının ərsəyə gəlməsi bugünkü yüz yazıdan çətin başa gəlirdi. İndi bir düymə kifayətdir, yazını yazırsan, paylaş düyməsini sıxırsan və milyonlarla insan onu oxuya bilir.

Texnologiya dəyişib, həqiqətin yükü, vicdan məsuliyyəti dəyişməyib. Buna görə Zərdabi köhnəlmir. Zərdabini yaşadan haqqında yazılan kitablar, yubiley tədbirləri, heykəllər deyil.
Onu yaşadan əkdikləridir.
Onun əkdiyi toxumlardan milli oyanış boy verdi. O boydan Cümhuriyyət doğuldu.
Qəzet dövlət qurmur, dövlət quracaq düşüncəni yetişdirir. Zərdabinin yaratdığı “Əkinçi” də məhz bunu elədi.
Ona görə Zərdabi qocalmır.
Zərdabi xəbər yazmırdı, millətin gələcəyini yazırdı. Zərdabi sözlə oyun oynamırdı, sözü ilə xalqı dümsükləyib oyadırdı.
Ona görə Zərdabi qocalmır.
Onun iddiası özünü böyük göstərmək deyildi, xalqa təmənnasız xidmət idi. Əslində böyük adamların bütün iddiası eyni olur. Onlar özlərini bir kənara qoyurlar, xalqın gələcəyi üçün yaşayırlar.
Bu gün klaviaturaya toxunan hər kəs özünü Zərdabinin davamçısı hesab edə bilər. Davamçı olmaq həqiqəti rahatlıqdan üstün tutmamaq, vicdanın səsini susdurmamaqdır.
Bəziləri deyirlər ki, Zərdabinin davamçıları çoxdur. Bəziləri isə hesab edirlər ki, onun layiqli davamçısı yoxdur. Ola bilsin, hər iki fikir doğrudur.
İnsan maraqlı varlıqdır.
Çox vaxt öz müasirinin böyüklüyünü görə bilmir. Zaman keçəndən sonra isə sənin dəyər vermədyin müasirinin qarşısında tarix belə ehtiramla dayanır.
Bəlkə də buna görə Zərdabinin böyüklüyünü hər yeni nəsil əvvəlkindən daha yaxşı anlayır.
Zərdabi sanki müasirimizdi. Heç bir qüvvə Həsən bəy Zərdabini bu qədər gənc saxlaya bilməzdi.
Nə heykəllər, nə ordenlər, nə də yubileylər. Bunu onun özü bacardı. Əməlləri, vicdanı bacardı. Əkdiyi toxumlar bacardı.
Jurnalistlər çətinə düşəndə, bir problemlə üzləşəndə və s. onun haqqında danışırlarsa, deməli, o hələ də yaşayır.
Onun yolu hələ də bitməyib. Çünki əsl yol adamı özü ilə bitmir. O yol davam edir.
Əsl jurnalistika da elə budur.
Bəlkə də Həsən bəy Zərdabinin sirri çox sadədir, o, ömrünü yaşamadı, ömrünü əkdi. Əkilən ömür isə heç vaxt qocalmır.
Bir ömürdən Cümhuriyyət cücərdisə, o ömür heç zaman qocalmayacaq.
Həsən bəy Zərdabi heç zaman qocalmayacaq...