Ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 8-i saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir:
"Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qeydiyyat avqustun 28-dən 8 sentyabr saat 18:00-dək davam edəcək.
Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək".