Ötən gün II və III ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanı keçirilib. İmtahandan sonra bir çox abituriyent ədəbiyyat fənni üzrə sualların olduqca asan olduğunu bildirib.
Maraqlıdır, birinci və ikinci qəbul imtahanlarının sualları arasında hansı fərqlər olub?
AzEdu.az-ın suallarını cavablandıran "İlin gənc müəllimi", Azərbaycan dili və ədəbiyyat müəllimi Xəzri Muradov bildirib ki, məsələyə peşəkar müəllim gözü ilə baxdıqda mənzərə bir qədər fərqli görünür:
"Birinci və ikinci imtahanı müqayisə etdikdə düşünürəm ki, ümumilikdə bərabər imkan prinsipi qorunub. Sosial şəbəkələrdə daha çox "ədəbiyyat çox asan idi", "tarix çox çətin idi" kimi fikirlər səsləndirilir. Amma məsələyə peşəkar müəllim gözü ilə baxdıqda mənzərə bir qədər fərqli görünür.
Şagirdlər bu dəfə tarix suallarının daha çətin olduğunu desələr də, mən bununla tam razı deyiləm. Çətinlik çox vaxt suallarda deyil, imtahana hazırlıq səviyyəsində olur. Hazırlıq müəllimləri də yaxşı bilirlər ki, abituriyentlər birinci cəhdə psixoloji baxımdan daha məsuliyyətlə yanaşırlar. Aylarla məhz həmin gün üçün çalışırlar. İkinci cəhd imtahanına isə bəzən arxayın yanaşılır və hazırlıq əvvəlki intensivliklə davam etmir.
Buraxılış imtahanından sonra şagirdlərin həm fiziki, həm də psixoloji yorğunluq yaşaması təbii haldır. Bu mərhələdə yalnız məqsədinə sonadək sadiq qalan, iradəsini qoruyan abituriyentlər əvvəlki hazırlıq ritmini davam etdirə bilirlər. Məhz buna görə də ikinci cəhd imtahanında yüksək nəticə göstərənlər əsasən hazırlığını dayandırmayan şagirdlər olur.
Ədəbiyyat fənninə gəldikdə isə hesab edirəm ki, suallar birinci cəhd imtahanındakı kimi orta səviyyədə idi. Bəzi çaşdırıcı məqamların olması isə tamamilə təbiidir. Testin məqsədi yalnız əzbəri yoxlamaq deyil, həm də şagirdin diqqətini, təhlil bacarığını və mövzunu nə dərəcədə mənimsədiyini qiymətləndirməkdir".
Abituriyentlərin böyük əksəriyyəti balını artıra bilməyib:
"Buraxılış imtahanından sonra da bildirmişdim ki, blok imtahanlarının nisbətən daha rahat olacağını gözləyirəm. Çünki buraxılış imtahanı kifayət qədər vaxt aparan və düşündürücü suallarla yadda qalmışdı. Blok imtahanını da eyni dərəcədə ağır etsəydilər, nəticələr kəskin şəkildə aşağı düşərdi. Bu isə qəbul prosesinin ümumi balansına uyğun olmazdı. Qəbul sistemində nəticələrin ümumi paylanması və rəqabət mühiti də nəzərə alınan amillərdəndir. Mən bunu ilk imtahandan sonra da qeyd etmişdim.
Diqqət çəkən digər məqam isə odur ki, sualların nisbətən rahat hesab edilməsinə baxmayaraq, ikinci cəhd imtahanında abituriyentlərin böyük əksəriyyəti, demək olar ki, 90 faizi – balını artıra bilməyib, əksinə, nəticəsi aşağı düşüb. Bu fakt göstərir ki, uğurun sirri sualların asan və ya çətin olmasında deyil. Əsas məsələ hazırlığın davamlılığı, psixoloji dözümlülük və iradədir.
Napoleon Bonaparte deyirdi: "Qələbə ən inadkar olanındır". Bu fikir imtahana hazırlaşan hər bir abituriyent üçün də keçərlidir. Qalib gələn son ana qədər mübarizəni davam etdirən olur.
Dünya tarixinin ən məşhur sərkərdələrindən biri olan Alexander the Great isə belə deyirdi: "Mən döyüşü meydanda deyil, hazırlıq zamanı qazanıram". Bu fikir də imtahan prosesinə tam uyğundur. Uğur təsadüf deyil, davamlı zəhmətin nəticəsidir.
Mən uzun illərdir bu prosesin içindəyəm və müəllim kimi müşahidələrimə əsaslanaraq əminliklə deyə bilərəm ki, nəticəni müəyyən edən əsas amil sualların çətinliyi deyil. Ən vacib amil şagirdin iradəsi, planlı hazırlığı və son ana qədər öz üzərində işləməsidir. İmtahanlar dəyişə bilər, suallar fərqli ola bilər, lakin zəhmətin və intizamın alternativi yoxdur".