Beynəlxalq alimlər qrupu neyron şəbəkələrin və süni intellektin tətbiqi ilə okean dərinliklərində indiyədək gizli qalmış 73 vulkanik kaldera tapıb.
AzEdu.az xəbər verir ki, bu barədə "RuNews24" məlumat yayıb.
Tədqiqat prosesinə Paris-Sakle Universitetinin mütəxəssisi, vulkanoloq Andrea Verolino başçılıq edib. Mütəxəssislər okean dibinin relyefini xəritəyə salmaq üçün vaxtilə Mars planetinin səthini tədqiq etmək məqsədilə yaradılmış proqram alqoritmlərindən istifadə ediblər.
İndiyə qədər elm aləminə aşağı aktivlik göstərən təqribən 30 bu cür struktur bəlli idi. Son elmi araşdırma isə sualtı vulkanik obyektlərin sayının düşünüləndən xeyli çox olduğunu sübut edir.
Kalderaların yaranma prosesi şiddətli vulkan püskürmələri ilə bağlıdır. Bu zaman maqma kamerası boşalır, üst təbəqə aşağı çökür və nəhəng çökəklik meydana gəlir. Həmin strukturlar gələcəkdə oyanma ehtimalı olan maqmatik ocaqların mövcudluğunun göstəricisidir.
Tədqiqatçıların fikrincə, sualtı vulkanların ən böyük təhlükəsi onların oyanma anını əvvəlcədən təxmin etməyin mürəkkəbliyindədir. Qəfil püskürmələr sahil zonalarına vura biləcək dağıdıcı sunamilərə və güclü seysmik dalğalara yol aça bilər.
Mütəxəssislər tapılan 73 obyektdən yeddisinə xüsusi önəm verirlər, çünki onları potensial olaraq daha yüksək fəallığa malik hesab edirlər. Bununla bərabər, alimlər vurğulayırlar ki, tamamilə sönmüş hesab edilən vulkanlar da mütəmadi nəzarət altında olmalıdır.
Tədqiqatın təşəbbüskarları əmindirlər ki, bu elmi kəşf okean dərinliklərinin fasiləsiz izlənilməsinin və sualtı vulkan sistemlərinin geniş şəkildə araşdırılmasının vacibliyini bir daha təsdiqləyir.