Bu gün “Firidun bəy Köçərli” mükafatı Şamaxı rayonu Dağ Göylər kənd 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Quliyevaya təqdim edilib. Aysel müəllim Vətən müharibəsində şəhid olan, tarix müəllimi Elgün Quliyevin bacısıdır.
AzEdu.az xəbər verir ki, müəllim müasir tədris modelləri və beynəlxalq təcrübələrin orta təhsil mühitindəki faydalı tətbiqinə görə ayiq görülüb.
Mükafat AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı tərəfindən təqdim olunub.
Məlumat üçün bildirək ki, Elgün Quliyev 1992-ci ilin 17 sentyabr tarixində Şamaxı rayonunun Göylər kəndində anadan olub. 1998-ci ildə T.Kərimov adına Şamaxı rayonu Göylər kənd 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olub. Sonrakı illərdə İsmayıllı və Şəki şəhərində orta məktəb təhsilini davam etdirib. Eyni zamanda 2008-ci ildə Şəki İslam Kollecindən məzun olub. 2009-cu ildə tam orta təhsilini başa vurduqdan sonra 2010-2014-cü illərdə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində “Tarix müəllimliyi” ixtisasına yiyələnib. 2020-ci ildə müəllimlərin işə qəbul imtahanından keçərək Lerik rayonunun Sors kəndində işə qəbul olub.
Elgün Quliyev ziyalı ailəsində böyüyüb. Anası Qənirə Quliyeva, eləcə də bacıları uzun illərdir ibtidai sinif müəllimi kimi fəaliyyət göstərərək təhsilin inkişafına töhfə verirlər.
Qeyd edək ki, "Firidun bəy Köçərli" adına mükafata bu il Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, “ADA” Universitetinin professoru Fariz İsmayılzadə, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Billurə Hacızadə, DİM-in departament müdiri Natiq Əliyev, Qarabağ Universitetinin müəllimi Arzu Şükürova, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri, Bakı şəhəri 144 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru İlahə Həmidova və Şamaxı rayonu Dağ Göylər kənd 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Quliyeva layiq görülüblər.