Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-07 15:57:00
Qara dəliyin təsvirini yayımlayan alimlərə mükafat – 3 milyon dollar 347 alim arasında bölünəcək

Dünyanın müxtəlif ölkələrini təmsil edən 347 alimdən ibarət kollektiv kosmosda qara dəliyin təsvirini yaratdıqlarına görə “Fundamental fizikada irəliləyiş” mükafatına layiq görülüb.

AzEdu.az  xəbər verir ki, alimlər arasında Elm Oskarı adlandırılan mükafat 3 milyon dollardır.

CNN telekanalının məlumatına görə, həmin alimlər ən böyük qara dəliyin Yer kürəsində bütün teleskopların birləşdirilməsi yolu ilə təsvir edilməsi sahəsində birgə elmi kəşflərinə görə "Event Horizon Telescope” (“Hadisələrin üfüqi teleskopu”) layihəsində iştirak edərək bu mükafata layiq görülüblər. Pul mükafatı onların arasında bölünəcək.

Alimlər qara dəliyin təsvirini 2019-cu il aprelin 10-da keçirdikləri mətbuat konfransında təqdim ediblər. Onlar apardıqları tədqiqatları təfsilatı ilə izah etmək üçün "The Astrophysical Journal Letters” jurnalında altı elmi məqalə dərc etdiriblər. Qız bürcünün mərkəzində yerləşən M87 qalaktikasının ortasındakı obyektin fotoşəklini çəkmək üçün alimlər dörd qitədə 87 radioteleskopdan istifadə ediblər. Doğrudur, onlar sözün həqiqi mənasında fotoşəkil deyil, yalnız kölgəyə bənzəyən obyekti qeydə alıblar. Sonra 2017-2018-ci illərin yaz ayları ərzində davamlı müşahidələr aparılıb. Əldə olunan bütün məlumatlar petebaytlarla hesablanaraq təmiz bir fotoşəkil halına gətirilib.

Elm Oskarı mükafatı fundamental fizikanın digər nominasiyaları üzrə də təqdim edilib. "Riyaziyyat üzrə nailiyyətlərə görə” mükafat rus mənşəli ABŞ riyaziyyatçısı Aleks Eskinə təqdim olunub. "Tibb sahəsində nailiyyət” nominasiyasının qalibləri isə ABŞ-dan olan genetik Ceffri Fridman, alman biokimyaçısı Frans-Ulrix Hartl, ameriaklı bioloqlar Artur Xorviç və Devid Culius, britaniyalı neyrobioloq Men-Yi Li olublar.

Mükafatların təqdimatı mərasimi noyabrın 3-də Kaliforniyada keçiriləcək. (TED.az)