Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-23 11:50:00
Xaricdən gələn şagirdlərin məktəbə qəbulu necə aparılacaq? – RƏSMİ  

Şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasının məktəblərinə yerdəyişməsi valideynlərin (və ya digər qanuni nümayəndələrin) ərizələrinin qeydiyyatı aparılmaqla sistem vasitəsilə həyata keçirilir.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, valideyn əvvəl yerdəyişmə etmək istədiyi məktəbə yaxınlaşaraq övladının “Ümumi təhsil informasiya” alt sisteminə daxil edilməsi üçün müraciət etməlidir.

Bildirilib ki, məktəb həmin uşağı bazaya daxil etdikdən sonra valideynə övladının UTİS kodunu təqdim edir. Daha sonra valideyn adi qaydada şagirdlərin elektron yerdəyişməsi sistemində qeydiyyatdan keçərək sorğu yerləşdirir.

Şagirdlərin elektron yerdəyişməsi sistemi komplektasiya (siniflərin komplektləşdirilməsi) dövrləri istisna olmaqla ilboyu fəaliyyət göstərəcək.

Qeyd edək ki, şagird yerdəyişməsi sistemi avqustun 15-dən etibarən istifadəyə verilib.

Valideynlər sistemdən istifadə etmək üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər.  

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edəcək.

Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradacaq.