Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-22 13:10:00
Təqaüd proqramı ilə xaricdə təhsil hüququ qazananlar: “Nəticələr elan olunanda gözlərimə inanmadım” 

Hökumətlərarası Təqaüd Proqramları ( HTP) çərçivəsində 2019-2020-ci tədris ili üzrə Macarıstanda 200, Latviyada 13, Çində isə 37 nəfər təhsil almaq hüququ əldə edib.

Macarıstan, Çin və Latviya hökumətləri tərəfindən namizədliyi təsdiq olunan tələbələr təhsilini sözügedən ölkələrin aparıcı ali təhsil müəssisələrində, bakalavriat, baza ali tibb təhsili, magistratura və fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər.

Xaricdə təhsil almaq hüququ əldə etmiş tələbələr öz fikirlərini AzEdu.az-la bölüşüblər:

Macarıstan təhsil almaq hüququ qazanan Səkinə Rüstəmova: “Təqaüd proqramını qazanacağımı gözləmirdim”

“Corvinus University of Budapest”ə qəbul olunan Səkinə Rüstəmova bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində başa vurub. O qeyd edir ki, təqaüdlü təhsil qazanması onun üçün xoş sürpriz olub:

“Bakalavr təhsilimi sənayenin təşkili və idarə edilməsi ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində “Sabah” qruplarında almışam. UNEC-dəki müəllimlərimizin çoxu xaricdə oxuduqları üçün buradakı təhsil də olduqca yaxşı idi.

Təqaüd proqramına qəbul olunacağımı isə, açığı, gözləmirdim. Nəticələr elan olunanda gözlərimə inanmadım. Sevincimin həddi-hüdudu yox idi.

Bir neçə gün sonra magistratura təhsilimə başlamaq üçün Macarıstana yollanacam”.

Çində təhsil almaq hüququ qazanan Əmir Quliyev: “Arzularımızın reallaşması üçün bizə dəstək olduğuna görə Təhsil Nazirliyinə minnətdarlığımı bildirirəm”

Zəkalar liseyinin məzunu Əmir Quliyev də “qaliblər” sırasındadır. Əmir yeni tədris ilindən etibarən Çinin Şanxay Universitetində bakalavr təhsilinə start verəcək.

AzEdu.az-la fikirlərini bölüşən Əmir bildirir ki, o ən yaxşı halda Türkiyədəki universitetlərdən birinə qəbul olunacağını gözləyirmiş:

“Çində təhsil hüququ qazanacağımı gözləmirdim.  Nəticələr elan olunanda inanmadım, sözlə ifadə olunmayacaq qədər çox sevindim. Arzularım gerçəkləşdi, buna görə dövlətimizə, Təhsil Nazirliyinə dərin minnətdarlığımı bildirirəm.

Belə bir nəticə gözləmədikləri üçün ailəm də çox təəccübləndi: hətta mənimlə Çinə köçməyi təklif edirlər.

“İELTS”də 7, “SAT” 1380 bal toplamışam. Çinin Şanxay Universiteti ilə bir yerdə Türkiyənin ODTÜ(Orta Doğu Teknik Üniversitesi) universitetinə də qəbul olunmuşam. Lakin mən yenə də Çini  seçdim, çünki ODTÜ mənim II məqsədim idi”.  

Macarıstanda doktorantura üzrə təhsil almaq hüququ qazanan Ülvi Şəkixanlı: Təhsilimi başa vurduqdan sonra vətənə qayıdacam”

Ülvi Şəkixanlı bakalavriaturanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində oxuyub. Magistratura təhsilini isə Macarıstanda davam etdirən gənc, yenidən doktorantura təhsili almaq üçün həmin ölkəyə yollanır.

“Macarıstanda kompüter elmləri ixtisası ilə təhsilimi doktorantura üzrə davam etdirəcəm. Bu ölkədə doktorantura təhsili almaq hüququnu qazanmaq mənim üçün gözlənilməz deyildi. Çünki, magistraturanı bitirdikdən sonra, doktoranturanı da məhz Macarıstanda oxumağı qarşıma məqsəd qoymuşdum”, -deyə gənc doktorant bildirir.

O əlavə edir ki, Azərbaycana qayıtdıqdan sonra universitetdə müəllim işləməklə yanaşı, həm də öz biznesini quracaq:

Təhsilimi başa vurduqdan sonra yenidən vətənə qayıdacam. Çünki doktoranturanı bitirdikdən sonra ixtisasım üzrə hər-hansı ali məktəbdə professor işləməklə yanaşı, şəxsi biznesimi də qurub inkişaf etdirmək imkanım olacaq. İstər ADNSU-da, istərsə də Macarıstandakı müəllimlərimdən gördüyüm qədəri ilə bu sahədə ən çox uğur qazananlar universitetlə yanaşı, şəxsi bizneslərini yaradanlardır. Mən də Azərbaycana qayıdandan sonra hər iki işlə məşğul olacağımı planlaşdırıram.

İnformasiya texnologiyaları (İT) və kompüter elmləri sahəsi geniş olduğundan gələcək tələbələrə indidən uyğun bir sahə seçmələrini və həmin sahəni davamlı izləmələrini məsləhət görərdim. Çünki İT sahəsi o qədər sürətlə inkişaf edir ki, bu gün istifadə edilən proqramlaşdırma dili, 5-6 il sonra istifadə olunmaya bilər”.