Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-30 14:16:00
 Rezidentlərin narahatlığı -  Şərtlər dəyişilməyəcək, bəs  keçid balları?

 

 Rezidenturaya qəbul üçün keçirilən müsabiqənin nəticələri artıq məlumdur.

AzEdu.az xəbər verir ki, müsabiqədə iştirak edən 350 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 116-sı oğlan, 234-ü isə  xanım rezidentlərdir.

İxtisas seçimində müsabiqə şərtini ödəyən, yəni, ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90-dan az olmayanlar iştirak hüququ qazanıblar.

Keçid balını toplaya bilmədiyinə görə, ixtisas seçimində iştirak etməyən namizədləri isə başqa bir məqam maraqlandırır:

Rezidenturaya qəbul üçün ümumilikdə 569 plan yeri ayrılmışdı. İştirakçılardan cəmi 350 nəfər uğur qazana bildi. Yəni, 219  plan yeri boş qaldı. Müsabiqə şərtini ödəyən, ixtisas seçimində iştirak etsə də qəbul oluna bilməyən, boş qalan yerlərə qəbulda iştirak hüququ qazanan isə cəmi 2 nəfərdir. Bunları nəzərə alsaq, boş plan yerlərinə qəbul zamanı II mərhələ üçün tələb olunan minimal limitin 50 baldan  bir qədər aşağı düşmə ehtimalı varmı?

Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a təkzib cavabı verilib. Bildirilib ki, müsabiqə şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmayıb.

Müsabiqə şərtini ödəməyən namizədlər boş qalan plan yerlərinə qəbul üzrə müsabiqədə iştirak edə bilməzlər. Boş qalan yerlərə qəbul müsabiqəsində keçid balını toplayıb ilk turdan qəbul ola bilməyənlər iştirak edirlər.

Qeyd edək ki, rezidenturaya qəbul olanların kliniki bazalarda qeydiyyatı 29 iyul – 2 avqust tarixlərində həyata keçiriləcək. Qəbul olunanların göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların təhsildən imtina etməsi kimi qiymətləndiriləcək.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları