XƏBƏRLƏR

19.07.2019 13:45
Təyinat zamanı hansı halda rezidentin istəyi nəzərə alınır? – Rəsmi  

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi davam edir. Seçimlər iyulun 22-dək aparılacaq.

İxtisas seçimi zamanı namizədlər Rezidentura 3 jurnalından yararlana  bilərlər. Jurnalda qeyd edilən məlumatda isə namizədlərə ixtisas seçimi zamanı diqqətli olmaq məsləhət görülür. Bildirilir ki, rezidenturada təhsil almaq istəyən şəxslər rezidentura təhsilini bitirdikdən sonra respublikanın müxtəlif şəhər, rayon və kəndlərində işləməyə hazır olmalıdırlar. “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”na əsasən, təyinat zamanı rezidenturanı bitirən həkim-mütəxəssislərə ixtisaslarına uyğun bütün bölgələr üzrə səhiyyə müəssisələrində mövcud vakansiyalar təklif olunur.

Bəs, rezidenturanı başa vurmuş ixtisaslı həkimə təyinat verilərkən hansı məqamlar nəzərə alınır?

AzEdu.az xəbər verir ki, təyinat meyarları “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi qaydaları”nda öz əksini tapıb. Qayadalara əsasən, həkim-mütəxəssislərin təyinatı tərkibi Nazirliyin əmri ilə təsdiq olunan Komissiya tərəfindən həyata keçirilir. Komissiya 7 nəfərdən ibarətdir.

Vakansiyaların seçimi zamanı Komissiya həkim-mütəxəssisə daha çox tələbatın olduğu bölgələrə üstünlük verir. Təyinat Yekun Attestasiyadan sonra 1 aydan gec olmayaraq aparılır.

Komissiya həkim-mütəxəssislərin təyinatı haqqında qərarı onların ailə vəziyyəti, daimi yaşayış yeri və klinik bazanın tövsiyəsini nəzərə almaqla qəbul edir.

Aşağıdakı hallarda rezidenturanı bitirən şəxslərin vakansiyalar üzrə istəyi nəzərə alınır:

- müvəffəqiyyət göstəricilərinin (yekun attestasiyanın nəticələri) yüksək olması;

- rezidenturada oxuyarkən şəxsin apardığı elmi-tədqiqat fəaliyyəti.

Həmçinin təyinat aparılarkən evli cütlüyün təyinat vaxtı eyni ərəzi üzrə işləmək arzuları nəzərə alınır.

Özü və ya himayəsindəki ailə üzvü (valideyn, həyat yoldaşı) I və ya II dərəcə əlilliyi olan şəxs, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan həkim-mütəxəssislərə istəkləri nəzərə alınmaqla təyinat və ya azad təyinat haqqında verilir. Həyat yoldaşı hərbi qulluqçu  olan həkim-mütəxəssislərə həyat yoldaşının xidmət yeri nəzərə alınmaqla təyinat verilir. Belə imkan olmadıqda isə azad təyinat haqqında arayışdan istifadə edilir.

Həkim mütəxəssislər bu barədə komissiyanın iclasına 5 iş günü qalmış təhsil aldıqları kilinik baza vasitəsi ilə və Nazirliyin rəsmi internet saytında elan verilməklə məlumatlandırılırlar. Təyinat haqqında qərar həkim-mütəxəssisin iştirakı ilə qəbul edilir. O, komissiyaya gəlmədiyi təqdirdə təyinat haqqında qərar iştirakı olmadan qəbul edilir.

Komissiya açıq səsvermə yolu ilə səs çoxluğuna əsasən təyinat barədə qərar qəbul edir. Səslər bərabər olduqda komissiya sədrinin səsi həlledici hesab edilir.

Qeyd edək ki, həkim-mütəxəssislər iş yerinə göndərişdə göstərilən müddətdən gec olmayaraq iş yerinə gəlməli və burada işə qəbul olunduğu tarixdən 3 il müddətində tam işləməlidirlər. Həkim-mütəxəssisin komissiyanın qəbul etdiyi qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmə hüququ vardır.

 

 

 

 

 

 

 

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu