Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-09 15:11:01
“Peşə Təhsil Mərkəzində dərslərin 80 faizi təcrübədən ibarət olacaq” – Layihə rəhbəri

Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzində dərslər 20% nəzəri, 80% təcrübi olmaqla tədris ediləcək.

AzEdu.az xəbər verir ki, bu barədə “Peşə Tədris Mərkəzinin yaradılması” layihəsinin rəhbəri Heo Yo Sydonio məlumat verib.

Bildirilib ki, növbəti tədris ilindən (2019-2020) fəaliyyətə başlayacaq  Peşə Təhsil Mərkəzində peşə təhsili ilə bağlı 4 məsələnin həlli bu layihənin əsas istiqamətlərindəndir:

  1. Peşə təhsili müəssisələrinin mərkəzləşməsi;
  2. Əmək bazarı üçün ixtisaslı kadrların hazırlanması;
  3. Müxtəlif peşə sahələrinin inkişafı;
  4. Peşə təhsili müəssisələrinin savadlı müəllimlərlə təmin edilməsi.

Layihə rəhbəri həmçinin peşə təhsili müəssisəsində görülən son tamamlanma işləri və tədris prosesini həyata keçirən müəllimlərin hazırlığı barədə də ətraflı məlumat verib. O bildirib ki, gələcəklə bağlı planların reallaşması üçün ilk olaraq, peşə təhsilinə münasibət dəyişməli, bu sahəyə dövlət səviyyəsində diqqət artırılmalıdır:

“Peşə təhsil müəssisələrində çalışan müəllimlərin ixtisaslaşması və kurikulum dərsliklərinin yenilənməsi inkişaf üçün zəruri şərtlərdəndir. Bundan əlavə, ölkədəki sənaye müəssisələrinə ixtisaslı mütəxəssislərinin cəlb edilməsi kimi addımların atılması da nəzərdə tutulur.

Əmək bazarı üçün ixtisaslı kadrların yetişdirilməsi ilə yanaşı, məzunların işlə təmin olunmasında da peşə təhsil müəssisələrinin qarşısında duran əsas məsələlərdəndir ki, bu istiqamətdə də dövlətin dəstəyinə böyük ehtiyac var”.

Qeyd edək ki, yeni yaradılan mərkəz Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Qlobal sənaye ehtiyaclarına cavab verə biləcək, rəqabətqabiliyyətli kadrların hazırlığına istiqamətlənən mərkəz ölkənin ən qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığa başlayıb.

Rəna NƏBİ