Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-20 12:45:00
700-dən çox şagirdin imtahan nəticəsi dəyişdirildi - RƏSMİ

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) və ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılan Apelyasiya Komissiyasına 1.593 nəfər buraxılış imtahanları üzrə, 54 nəfər I qrup üzrə, 111 nəfər II qrup üzrə, 55 nəfər III qrup üzrə, 45 nəfər isə IV qrup üzrə olmaqla ümumilikdə 1858 məzun və ya abituriyent (bütün imtahan verənlərin 1,11%-i) qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, bu müraciətlərdə buraxılış imtahanlarından 14.000-ə yaxın, qəbul imtahanlarından isə 800-ə yaxın olmaqla ümumilikdə 14.800 (bütün yazı işlərinin 0,49%-i) yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub.

Edilən bütün müraciətlər araşdırılıb və onları yazanlar dəvət edilərək iş üzrə birlikdə müzakirə aparılıb (regionlarda yaşayanlar ilə telefonla əlaqə saxlanılmış, apelyasiyanın nəticəsi bildirilib və müvafiq izahlar olunub). Apelyasiyaya müraciət edənlərdən 726 şagird və ya abituriyentin (bütün imtahan verənlərin 0,43%-i) cəmi 892 tapşırıq (bütün tapşırıqların 0,03%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. Təxminən 70 işdə edilən düzəliş imtahan verənin tapşırığın həllini (və ya cavabını) başqa tapşırıq üçün ayrılan yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.

200-dən çox şagird və ya abituriyent bu və ya digər fənn üzrə bütün tapşırıqlarla bağlı müraciət edib, amma araşdırma zamanı məlum olub ki, müraciət etdikləri fənn üzrə heç bir yazı işini yerinə yetirməyiblər. 58 şagird və ya abituriyent ərizə yazmalarına baxmayaraq apelyasiyada iştirakdan imtina edib və ya apelyasiyaya gəlməyib. Bununla belə, onların da ərizələri araşdırılıb və qiymətləndirmə meyarlarına uyğun qərarlar verilib. Həmçinin, Apelyasiya Komissiyasının qərarı ilə 7 apreldə keçirilən imtahanın bir tapşırığının (B variantında 48 nömrəli, D variantında 47 nömrəli, F variantında 47 nömrəli, H variantında 47 nömrəli) qiymətləndirmə meyarına “hadisələri” sözü də doğru cavab kimi daxil edilib və həmin tapşırığı bu şəkildə cavablandıran 136 şagirdin nəticəsində müvafiq dəyişiklik edilib.

Qeyd olunan dəyişikliklər iyun ayının 25-dək onların imtahan nəticələri ilə əlaqədar yaradılan səhifələrində öz əksini tapacaq.

Xatırladaq ki, buraxılış imtahanlarda 100 minə yaxın, dörd qrup üzrə qəbul imtahanlarında 67.600-ə yaxın şagird iştirak edib və bu şagirdlərin ümumilikdə 3 milyondan çox tapşırıq üzrə yazı işi yoxlanılıb.

Bununla da, 2019-cu il 7, 14, 21 və 28 aprel tarixlərində keçirilən qəbul (buraxılış) imtahanlarının birinci və 12, 19 mayda keçirilən ikinci mərhələsinin nəticələri ilə əlaqədar Apelyasiya Komissiyası öz işini yekunlaşdırıb.

Apelyasiya Komissiyası yay qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra yenidən fəaliyyətini bərpa edəcək. Lakin DİM bütün abituriyent və valideynlərə müraciət edib.

Apelyasiya Komissiyasına müraciət etməmişdən öncə DİM-in internet saytında öz imtahan nəticələriniz, cavab vərəqəniz və qiymətləndirmə meyarları ilə tanış olun. Müraciətlərdən aydın olur ki, imtahan iştirakçıları öz yazdıqları ilə tanış olmayıblar. Hətta boş yazı işləri (200 nəfər) ilə əlaqədar müraciətlər var. Bütün bunların araşdırılması Apelyasiya Komissiyasının işini ləngidir və lazımsız vaxt itkisinə səbəb olur. Məsələn, qəbul imtahanlarında iştirakçı sayı və cavab vərəqlərinə baxmış şəxslərin sayı aşağıdakı kimidir:

2019-cu il aprelin 7-də imtahan verən 27.660 nəfərdən 13.342-si,  aprelin 14-də imtahan verən 28.634 nəfərdən 8.165-i, aprelin 21-də imtahan verən 22.499 nəfərdən 4.965-i, aprelin 28-də imtahanda iştirak edən 19.486 nəfərdən 4.220-si, mayın 12-də imtahan verən 32.174 nəfərdən 6.700-ü, mayın 19-da imtahan verən 35.423 nəfərdən 7.716-sı öz cavab vərəqinə baxıb.