Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi münasibətilə “Geomatika elminin müasir problemləri” mövzusunda Respublika elmi-praktik konfrans keçirilib.
Universitetdən AzEdu.az-a bildirilib ki, Elm və Təhsil Nazirliyi ilə AzMİU-nun birgə təşkilatçılığı nəticəsində reallaşan konfransda dövlət qurumları və özəl sektorun nümayəndələri, tanınmış alimlər və sahə mütəxəssisləri iştirak ediblər.
Konfransın açılışında Geomatika kafedrasının müdiri dosent Saçlı Qəniyeva geomatika sahəsində əldə olunan son elmi-texniki nailiyyətləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, geomatika elminin tikinti-quruculuq işləri, təbii sərvətlərin mənimsənilməsi, müdafiə sistemində təhlükəsizliyin təmin olunmasındakı rolunu vurğulayıb və ölkənin davamlı inkişafına xidmət etdiyini söyləyib.
Elm və innovasiya məsələləri üzrə prorektor professor Nigar Aslanova universitetin yubileyinə həsr olunan və geomatika elminin müasir problemlərinin müzakirə edildiyi bu konfransın əhəmiyyətindən danışıb. O, təhsil və elmin inteqrasiyasının, xüsusilə geomatika kimi sürətlə irəliləyən sahələrdə müasir problemlərin həllinə töhfə verəcəyini bildirib.
Kafedranın əməkdaşı Səfail Verdiyev geomatika elminin aktual problemləri, o cümlədən kartoqrafiya, məsafədən zondlama, GNSS və fotoqrammetriya sahələrindəki problemlərin həlli yolları haqqında məruzə edib. Çalışdığı kafedranın əməkdaşlarının apardığı elmi-tədqiqat işlərini və onun nəticələrini auditoriyanın diqqətinə çatdırıb.
Ölkədə aparılan geodeziya və xəritəçəkmə işlərinin önəmini əyani layihələrlə nümayiş etdirən Geodeziya və Kartoqrafiya Agentliyi İdarə Heyəti sədrinin birinci müavini İlqar Əmirov və “Geoid” MMC-nin direktoru Yasin Mustafayev konfransı geomatika elminin müasir problemlərinin araşdırılması istiqamətində mühüm bir addım kimi dəyərləndiriblər.
Konfransın gedişində geomatika elminin müxtəlif bölmələri üzrə prioritet məsələlər müzakirə edilib, geodeziya, kartoqrafiya, fotoqrammetriya, məsafədən zondlama və Coğrafi İnformasiya Sistemləri sahələrindəki problemlər, müxtəlif mənbəli məlumatların inteqrasiyası, məxfilik və etik məsələlər, böyük həcmli məlumatların işlənməsi kimi mövzular ətraflı şəkildə şərh olunub.