Sabah Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti imtahanlar keçiriləcək.
DİM-dən AzEDU.az-a verilən məlumata görə, imtahanlar ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən mart ayında keçirilən buraxılış imtahanlarının birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) üçün keçiriləcək.
İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Yevlax, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.
Bu imtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə aprelin 9-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahanlar bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qeyd edək ki, imtahanda 7121 (Bakıda 2017, Naxçıvanda 452, Gəncədə 856, Sumqayıtda 356, Yevlaxda 21, Şəkidə 422, Bərdə şəhərində 727, Göyçay şəhərində 384, Şirvan şəhərində 653, Lənkəran şəhərində 795, Xaçmazda 438) nəfərin iştirakı nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 49 imtahan rəhbəri, 599 nəzarətçi-müəllim ayrılıb.