İşğaldan azad olunan ərazilərdə təmir-quruculuq işləri sürətlə davam edir. Həmin bölgələrdə təhsilin dirçəldilməsi üçün yeni məktəblərin açılması atılan ilk addımlardan biridir. Bu gün o məktəblərin məzunlarının səsi ali məktəblərdən gəlir.
Ötən il fəaliyyətə başlamış Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin ilk 8 məzununlarından 4-ü müxtəlif universitetlərə qəbul olunublar.
AzEdu.az Təhsil Portalı məzunları daha yaxından ictimaiyyətə təqdim etmək üçün onlarla əlaqə saxlayıb.
Bakı Mühəndislik Universitetinin (BMU) biznesin idarəedilməsi ixtisası üzrə təhsil alacaq Əliyev Zülfiqar bildirib ki, o, 10-cu sinfə qədər Sumqayıtda 16 nömrəli məktəbdə təhsil alıb.
“Biz əslən Füzulidənik. Mən, Şirvanda doğulub, Sumqayıtda təhsil almışam. Əvvəllər yaşadığım yerdən, oradakı dostlarımdan, sinif yoldaşlarımdan ayrılmaq mənə bir qədər çətin gəlirdi, amma yeni sinif yoldaşlarımın səmimiliyi, doğmalığı buraya adaptasiya prosesimi sürətləndirdi. Sanki əvvəldən burada doğulmuşam kimi hiss etdim. Heç vaxt ağlıma gəlməzdi ki, illər sonra gəlib Füzuli məktəbindən məzun olaram…”.
Mövsümlü Elsevər Gəncə Dövlət Universitetinin məşqçilik ixtisası üzrə ali təhsil alacaq. O, Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli məktəbdə təhsil alıb.
Elsevər bildirir ki, Bakıdan Füzuliyə köçəndə necə adaptasiya olacağı barədə düşünürmüş. Amma buna baxmayaraq doğma mühit onu Füzuliyə bağlayıb.
O, təhsilini bitirdikdən sonra Füzulidə hazırda tikintisi davam edən İdman kompleksində işləməyi planlaşdırır.
Qabiliyyət imtahanında maksimum (40/40) bal toplayaraq İdman Akademiyasında məşqçilik ixtisasında təhsil alacaq Ayxan Məhərrrəmzadə qeyd edir ki, o, Füzulidə məktəbə gedəndə sanki sinif yoldaşlarını 11 ildir tanıyırmış kimi hiss edib.
“Mən 10-cu sinfə qədər Bakı şəhəri 276 nömrəli məktəbdə təhsil almışam. Füzuliyə köçərkən sinif yoldaşlarımdan ayrıldığım üçün bir qədər kədərlənirdim, amma yeni məktəbdə həm müəllimlərimiz, həm də sinif yoldaşlarımız çox səmimi mühit yaratmışdılar.
Füzuliyə ayaq basanda keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm, amma bir yandan kədər boğurdu, bir yandan da sevinirdim. Kədərlənirdim ona görə ki, bu torpaq uğrunda neçə şəhidlər vermişik, neçə əsgərimiz qazi olub. Sevincimin səbəbi isə illər sonra yurd-yuvamızın mənfur düşməndən azad olunması idi. Universiteti bitirdikdən sonra Füzulidə polis bölməsində çalışmağı düşünürəm”.
Növbəti tələbə adını qazanmış Mirsaleh Qocazadə Azərbaycan Turizm və Menecment Universitetinin biznesin idarəedilməsi ixtisası üzrə təhsil alacaq.
Digər sinif yoldaşları kimi onun da adaptasiyasının ilk günləri bir qədər çətin olsa da, sonra uşaqlarla qaynayıb-qarışıb.
“Heç vaxt təsəvvür etməzdim ki, mən Füzulidə təhsil ala bilərəm. Həyatım boyu inanmazdım ki, Füzulidə məzun olacam. Bura mənim üçün çox başqadır. İlk dəfə gələndə dağıdılmış evlərin mənzərəsi məni çox kədərləndirirdi. Bir zamanlar o evlərdə insanlar sülh içində yaşayırdılar… Amma yeni yaşayış komplekslərini, məktəbi görəndə anladım ki, artıq Füzuli abadlaşmağa doğru gedir. Məktəbdəki müəllimlərimizin hər biri çox yaxşı insanlar idi. Hər biri imtahana hazırlaşmağımız üçün əllərindən gələn dəstəyi göstərdilər. Universiteti bitirdikdən sonra doğma torpağıma gəlib, buranın abadlaşdırılmasında əlimdən gələn dəstəyi göstərəcəm”.