Azedu.az

DİM sertifikasiya imtahanı modeli hazırlayıb

Dövlət İmtahan Mərkəzi (DİM)

17 Mart 2025, 15:53
DİM sertifikasiya imtahanı modeli hazırlayıb

Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının sınaq versiyasının onlayn platformasının təqdimatına həsr olunan tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, respublikanın müxtəlif elm və təhsil müəssisələrinin professor-müəllim heyəti, dilçi alimlər, akademiklər və media nümayəndələri iştirak ediblər.

DİM-nin İdarə Heyətinin sədri Məleykə Abbaszadə artıq imtahanın sınaq versiyasının onlayn platformasının hazır olduğunu vurğulayıb:

"Platforma demo versiyada istifadəyə verilir və ilkin nəticə üçün müxtəlif yaş kateqoriyalarından 2000 nəfərin nəticəsi lazımdır".

Sədr imtahan modelinin dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədi və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirildiyini qeyd edib.

Sədr imtahanın Azərbaycan dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi üçün etibarlı bir mexanizm kimi fəaliyyət göstərəcəyinə əmin olduğunu diqqətə çatdırıb və hər kəsi qeydiyyatdan keçərək yoxlama alətlərinin təkmilləşdirilməsi üçün bu prosesdə aktiv iştirak etməyə çağırıb.

Daha sonra imtahan proqramının elmi redaktoru və həmmüəlliflərindən biri Azərbaycan Dillər Universitetinin baş müəllimi Səbinə Əliyeva sözügedən imtahanın məzmununun hazırlanmasında istinad olunan proqramın elmi-metodiki əsasları barədə çıxış edib.

DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva imtahan modelinin beynəlxalq standartlara uyğunluğu ilə bağlı məlumat verib və qeyd edib ki, sertifikasiya imtahanı Azərbaycan dili üzrə bilik və bacarıqların A1-dən C2-yə qədər müxtəlif səviyyələr üzrə qiymətləndirilməsini nəzərdə tutur.

Çıxışlardan sonra onlayn platformanın sınaq versiyası iştirakçılara nümayiş etdirilib.

Qeyd edək ki, imtahan kompüterəsaslıdır. Platforma bu gündən etibarən DİM-in rəsmi internet səhifəsində sınaq müddətinə istifadəyə verilir. Sınaq prosesinin məqsədi imtahanının effektivliyini yoxlamaq və daha da təkmilləşdirməkdir.

İstifadəçilər verilən link vasitəsilə platformada qeydiyyatdan keçə və ödənişsiz şəkildə sınaq prosesində iştirak edə bilərlər. Namizədlərin imtahan nəticələri emal olunduqdan sonra qeydiyyat zamanı göstərdikləri elektron poçt ünvanına göndərilir.

TƏCİLİ! Sərhəddə gərginlik-Silahlar işə düşdü
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox