Martın 2-də keçirilmiş buraxılış imtahanında 23 nəfər maksimum – 300 bal toplayıb. Həmin abituriyentlərdən biri də 295 nömrəli tam orta məktəbin şagirdi Seyidova Tovuz Natiq qızıdır.
AzEdu.az uğurlu məktəbli ilə əlaqə saxlayıb.
Tovuz hazırlıqdan çıxıb, evə gedə-gedə bizimlə təəsüratlarını bölüşdü. O bildirdi ki, hələ valideynləri ilə üzbəüz danışmayıb:
“İmtahan nəticələri açıqlananda Fizika fənnindən hazırlıqda idim. Tapşırıqları yazanda dedilər ki, nəticələr açıqlandı. Dərhal telefona baxıb, gördüm ki, hələ də mənə mesaj gəlməyib. Qorxdum! Düşündüm, görəsən, nəticəm ləğv olunmayıb ki? Sonra sinif yoldaşımın telefonunda baxdım ki, 300 bal toplamışam. Gözlərimə inana bilmədim. 300 bal topladığımı atama zəng edərək dedim. O da inana bilmədi, çox sevindi.
Müsahibimiz bildirib ki, o I ixtisas qrupu üzrə hazırlaşır və gələcəkdə kompüter mütəxəssisi olmağı hədəfləyir:
“Etalon cavablarla nəticəmi yoxlayanda, bilirdim ki, səhvim yoxdur, amma yenə də insan əmin ola bilmir. Deyirdim, balım az olsa, məyus olaram. Ona görə də, 300 bal toplaya biləcəyimi ürəyimdə sirr kimi saxlayırdım. İstəyim Bakı Ali Neft Məktəbinin (BANM) kompüter mütəxəssisi ixtisasında təhsil almaqdır. Əgər BANM-ə qəbul oluna bilməsəm, UNEC-də oxuyacam. Bundan sonraki hədəfim 700 bal toplayan abituriyentlər arasında adımın olmasıdır. İnanıram ki, 300 balı toplamışamsa, 700-ü də toplayaram”.
“Uğurun sirri çox çalışmaqdadır”,- deyə Tovuz vurğulayıb:
"Bəzən abituriyentlər bir şeyi bir dəfə oxumaqla kifayətlənirlər, amma mən tam qavrayana qədər həmin detalı oxuyuram. Özümə heç vaxt arxayın olmuram ki, bilirəm. Xeyr, nə qədər bilsəm də, daha çox oxumalıyam”.