Bakı şəhərindəki ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən konfransın l hissəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Təhsilverənlərin peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Elm və Təhsil Nazirliyinin, MÜTDA və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ümumi təhsil müəssisələrinin rəhbərləri, metodistlər iştirak ediblər.
İdarədən AzEdu.az-a bildirilib ki, konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfrans iştirakçılarını salamlayan MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib, onlara uğurlar arzulayıb. 2025–2026-cı tədris ili ərzində təhsil müəssisələrində görülən işlər və əldə olunan nəticələr barədə təqdimatla çıxış edən N.Hüseynova əsas göstəricilər üzrə dinamikanı diqqətə çatdırıb, mövcud məsələlər və onların həlli istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, yeni tədris ili üzrə prioritetlərə toxunaraq qarşıda duran əsas hədəfləri diqqətə çatdırıb.
N.Hüseynova bildirib ki, yeni tədris ilində də ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, qabaqcıl pedaqoji təcrübələrin yayılması, rəqəmsal və innovativ yanaşmaların tətbiqinin genişləndirilməsi, istedadlı şagirdlərin dəstəklənməsi, həmçinin məktəb–valideyn əməkdaşlığının daha da möhkəmləndirilməsi və digər istiqamətlər paytaxt təhsilinin qarşısında duran hədəflərinin mühüm tərkib hissəsidir.
BŞTİ-nin müdir müavini Turanə Məcidli, ARTİ-nin Təhsilverənlərin peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva, BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Zinyət Əmirova, Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova məktəbdaxili qiymətləndirmənin obyektivliyi, zəif nəticə göstərən şagirdlərlə iş, müəllimlər arasında əməkdaşlıq və təcrübə mübadiləsi, keyfiyyət monitorinqləri və buraxılış imtahanlarının nəticələrinin müqayisəli təhlili, məktəbdənkənar fəaliyyətlərin əhatəliliyi və nəticəyönümlülüyü ilə bağlı təqdimatlar edib, qeyd olunan istiqamətlər üzrə qarşıda duran vəzifə və hədəfləri diqqətə çatdırıblar.
Konfransın ll hissəsi paytaxt üzrə məktəbəqədər təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə keçiriləcək.
Qeyd edək ki, konfrans sabah da işini davam etdirəcək.
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin rəhbərləri, fənn müəllimləri, metodistlər və məktəb psixoloqlarının iştirakı ilə panel müzakirələr təşkil olunacaq, növbəti dərs ili üçün fəaliyyət planı hazırlanacaq və müvafiq təkliflər təqdim olunacaq.