Azedu.az

Qəhrəman şəhidin idmançı qızı: Məqsədim Avropa çempionu olmaqdır - MÜSAHİBƏ

Xəbərlər

8 Noyabr 2025, 11:26
Qəhrəman şəhidin idmançı qızı: Məqsədim Avropa çempionu olmaqdır - MÜSAHİBƏ

Zəfər günü xalqımızın qəhrəmanlıqlarının və birlik ruhunun simvoludur. Bu gün biz şəhidlərimizi yad edir, onların əziz xatirəsini hörmət və minnətdarlıqla anırıq.

AzEdu.az Təhsil Portalı şəhid yadigarı Ləman Niftəliyeva Mehrab qızı ilə əlaqə saxlayıb.

Elə bu gün Ləman Niftəliyeva üçün də qürur və hüzünlə yad olunan gündür - onun atası Mehrab Niftəliyev məhz bu gün qəhrəmancasına şəhadətə ucalıb.

Ləman son günlərdə cüdo idman növü üzrə U-17 qızlar və oğlanlar arasında keçirilən Sumqayıt şəhər birinciliyində 40 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb və 1-ci yerə layiq görülüb.

Müsahibəni təqdim edirik:

- Ləman, oxucularımız səni yaxından tanısın deyə, özün haqqında məlumat verə bilərsən?

- Mən Ləman Niftəliyeva, 15 yaşım var. Vətən müharibəsi qəhrəmanı, şəhid Mehrab Niftəliyevin qızıyamm. Sumqayıt şəhəri, Mikayıl Müşfiq adına 34 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdiyəm. İki ildir ki, cüdo idman növü ilə məşğul oluram.

Evimizdə iki qardaşım var: biri 14, digəri isə 9 yaşındadır. Kiçik qardaşım da cüdo ilə məşğul olub, amma dərslərinə görə bir müddət idmana fasilə verib.

172162

- Məktəb həyatının və idman məşqlərinin arasında vaxtını necə idarə edirsən? Gündəlik rutinin necə təşkil olunur?

- Bu, mənim üçün çətin olsa da, vaxtımı düzgün bölməyə çalışıram. Həm dərslərə, həm də idmana eyni məsuliyyətlə yanaşıram. Fikrimcə, dünya çempionu olsaq belə, təhsil olmadan mövqeyimiz möhkəm olmaz. Buna görə də həm idmana, həm də dərslərə çatmaq üçün düzgün plan qururam.

Məsələn, səhər saat 5-dən 7-yə qədər məşq edirəm, sonra evə qayıdıb dərsə hazırlaşıram. Dərsdən saat 13:00 radələrində qayıdıb yenidən məşqlərə gedirəm. Axşam saat 19:00-dan 21:00-a qədər isə ikinci məşq seansım olur.

- Cüdo ilə məşğul olmağa nə vaxt başladın və bu idman növünü seçməyində əsas motivasiya nə oldu?

- Cüdo ilə artıq 2 ildir məşğulam. Düzünü deyim ki, məşqlərə başlamazdan əvvəl bu idman növü barədə çox məlumatım yox idi. Uşaqlıqdan idmanla məşğul olmuşam və cüdo seçməyimdə ən böyük rol idman müəllimimə aiddir. O, məni məşqlərə dəvət etdi və tədricən marağım yarandı.

Məqsədim Avropa çempionu olmaqdır. İki ay sonra Respublika yarışım keçiriləcək. Orada uğur qazana bilsəm, ölkə üzrə ilk 20-liyə düşəcəyəm. Əsas arzum cüdo sahəsində böyük nailiyyətlər qazanmaq və ölkəmi beynəlxalq arenalarda layiqincə təmsil etməkdir. Qazandığım hər bir yarış zirvəyə doğru atdığım bir addımdır. Daim inkişaf etmək və güclü idmançı olmaq isə əsas hədəflərimdəndir.

172161

- Atanın sənin həyatında və seçimlərində necə bir motivasiya rolu olub?

Atam hərbçi olduğuna görə, onlar qaçışa gedəndə məni də özü ilə aparırdı. 5-6 yaşlarımdan atam məndə idmana böyük həvəs yaradıb. İndi isə hər dəfə yarışa çıxanda çalışıram ki, atamın adına layiq olum. Bu soyad mənim üçün bir mirasdır. Bütün yarışlarımı atama həsr edirəm və çox xoşbəxtəm ki, əksəriyyətində çempion olmuşam.

Atam mənim üçün həm güc, həm də dayaq mənbəyidir. Cismən yanımda olmasa da, ruhən həmişə mənimlədir. Onun mənə öyrətdiyi dəyərlər sayəsində bu gün qarşıma çıxan bütün çətinliklərə qalib gələ bilirəm.

- Atan sənin hansı peşəyə yiyələnməyini istəyirdi və bu sənin sahə seçiminə necə təsir etdi?

Atam heç vaxt düşünməyib ki, idman qızlar üçün deyil və ya qızlar yalnız müəllimlik və tibb sahəsində çalışmalıdır. Əvvəl o, istəyirdi ki, tərcüməçi olum. Amma idmanla məşğul olmağa da dəstək verirdi. Məşqlərə özü aparıb, özü gətirirdi. Ailəm son qərarı mənə buraxdı, çünki insan böyüdükcə sahəni özü seçməlidir.

Mən rəqs, rəsm, idman və digər fəaliyyətlərdə özümü sınamışam. İdmanın da bir çox növündə qüvvəmi yoxlamışam və sonda özümü cüdoda tapdım.

172173

- Gələcəkdə təhsilini hansı sahədə davam etdirməyi planlaşdırırsan?

Mən 5-ci ixtisas qrupu üzrə Azərbaycan İdman Akademiyasına hazırlaşıram. Oranı bitirdikdən sonra güc strukturlarında fəaliyyət göstərməyi planlaşdırıram. Bu mənim həm idman sahəsində, həm də vətənə xidmət baxımından hədəflərimə uyğun gəlir.

- İdman karyeran boyunca səni ən çox kim dəstəkləyib və bu dəstək sənə nə qazandırıb?

- Ən böyük dəstəkçim ilk növbədə anam olub. Ondan sonra müəllimlərim mənim bu yolda ən böyük motivatorlarım və dəstəkçilərimdir. Onların dəstəyi mənim uğurlara doğru irəliləməyimdə çox önəmli rol oynayıb.

172176

- Şəhid övladı olmaq həm şərəf, həm də məsuliyyətdir. Bu şərəfi daşımaq sənə hansı duyğuları verir və həyatına necə istiqamət qoyur?

Qürur və məsuliyyət hissi… Atamın başladığı həyat yolunu onun adına layiq şəkildə davam etdirmək istəyirəm...

172160

- Bu qədər məşq və dərs arasında istirahətə vaxt qalır? Boş vaxtlarını necə keçirirsən?

Əslində, boş vaxtım demək olar ki, olmur (gülür). Günlərim daim qaça-qaç içində keçir. Amma adətən həftənin bazar günü bir qədər boş oluram. Həmin gün səhər tezdən idmanla məşğul oluram, günün digər saatlarını isə dərslərimə, qardaşlarıma və dostlarıma ayırıram.

- Qardaşlarından hər hansı biri atanın yolunu davam etdirərək hərbçi olmaq istəyirmi?

Ortancıl qardaşımın hərbiyə marağı var. Onun xasiyyəti, baxışları və duruşu bizə atamı xatırladır. Amma evdə bu mövzular haqqında çox danışmırıq.

- Məktəbdə ən sevdiyin fənn hansıdır?

Ən çox sevdiyim fənlər Fiziki Tərbiyə və Çağırışaqədərki hazırlıqdır. Amma ümumilikdə bütün fənləri sevirəm.

172172

- Bəzən şagirdlər deyirlər ki, “Dərs çoxdur, digər məşğuliyyətlərə vaxt qalmır”. Sən necə bacarırsan həm oxumağı, həm də idmanı?

Bəzi idmançılar yalnız idmana fokuslanır və dərs-təhsil onlar üçün ikinci planda qalır. Mən də ara-sıra bu vəziyyətdən yoruluram. Amma hər dəfə yorulduğum zaman məqsədlərimi gözümün önünə gətirib özümə deyirəm: “Başqa yolu yoxdur. Ya bacaracağam, ya da bacaracağam!”. Nə qədər yorulsam da, yolumdan əl çəkmirəm. Çünki yaxşı nəticə yalnız zəhmətin arxasında olur.

- Sənin kimi idmanla məşğul olmaq istəyən, amma cəsarət etməyən qızlara nə demək istərdin?

Əsas olan risk etməkdir. Mən də cüdoya yeni başlayanda qorxurdum, deyirdim ki, bəlkə haramsa qırılar, əzilərəm. Amma tövsiyəm odur ki, heç vaxt qorxmasınlar! Bir şeyə başlamaq həmişə çətindir. Amma ilk addımı atan insan həmişə qalib olur. Çalışıb, özünə inamlı olan hər kəsin qalibiyyəti gec-tez mütləq gəlir.

172171

- Yarışda qalibiyyət zamanı səni ən çox sevindirən nə olur – medal, alqış səsləri, yoxsa yaxınlarının səninlə fəxr etməsi?

- Mən həmişə yarışa çıxanda dediyimi etmişəm. Bu xasiyyətimdə də atama bənzəmişəm. (sükut) Yarışa başlamazdan əvvəl anama və idman müəllimlərimə deyirəm ki, qalib gələcəm, sizin başınızı uca edəcəm. Hər addımımda özümə də deyirəm: “Mən qalib olacağam". Bu sözümü reallaşdıranda özümlə fəxr edirəm. Yarışda birinci yeri deyil, ikinci və ya üçüncü yeri tutduğum zaman da bilirəm ki, daha çox çalışmalıyam. Ona görə alqış səsləri və yaxınlarımın fəxr etməsi məni həm qürurlu, həm də məsuliyyətli edir.

Keçən yarış cüdo üzrə U-17 qızlar və oğlanlar arasında keçirilən Sumqayıt şəhər birinciliyində bəlkə insanlar üçün adi görünə bilər. Amma həmin qızlarla 2023-cü ildə də yarışmışdıq və o zaman mən ikinci yer tutmuşdum. O məğlubiyyəti revanş üçün motivasiya hesab etdim.

Mən hər yarışdan əvvəl və sonra atamın qəbrini ziyarət edirəm. O, həmişə ürəyimdə yaşayacaq. (Sükut) Ona verdiyim sözləri tədricən reallaşdırmağım məni daha da qürurlandırır.

- Əgər atan indi səninlə danışa bilsəydi, ona nə deyərdin?

…(uzun səssizlik) Bizə miras qoyub getdiyin soyadı layiqincə yaşadıram…

172158

- Atanın sənə ən çox işlətdiyi söz hansı olub?

Məni əzizləyəndə “göy gözlü qızım” deyərdi. Nə isə bir nailiyyət əldə edəndə isə “güclü qızım” deyirdi. İndi anam da mənə elə deyir.

- Ləman, bu gün atan şəhadətə ucaldığı gündür və eyni zamanda Zəfərimizin 5 illiyidir. Bu gün sənin üçün nə ifadə edir?

- Bu gün mənim üçün həm ad, həm də iz günü kimidir. Əgər bu gün üçrəngli bayrağımız Qarabağda dalğalanırsa, bu Prezident İlham Əliyevin və şərəfli əsgərlərimizin sayəsindədir.

Eyni zamanda bu gün göz yaşının günü kimi yaddaşımda qalıb. 2020-ci il, 8 noyabr gecəsi atamı tabutda gətirdilər. Səhərə yaxın “Qarabağ Bizimdir” səslərini eşitdim. O səs hələ də qulaqlarımdadır… Həmin an bildim ki, Şuşa azad olunub.

5 il keçib, amma o hislər hələ də eynidir. Noyabr ayı gələndə axşam saat 11-12 radələrində 5 il əvvəl yaşadığım hissləri yenidən yaşayır, atamın tabutunun qoxusunu hələ də hiss edirəm…

Mən elə bir atanın övladıyam ki, onun adı və soyadı mənim üçün heç vaxt yük olmayıb. Bu ad və soyad mənim üçün şərəfdir. Hər zaman atamla fəxr etmişəm, qürur duymuşam. Özümlə də fəxr edirəm ki, atamın soy adına layiqəm.

172166

Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!
Son xəbərlərDaha çox