Şükürlər olsun ki, bu günü real olaraq yaşamaq bizə nəsib olub. Bəlkə də 30 il əvvəl heç xəyal edə bilmədiyimiz bir sevinci bu gün gerçəklik kimi hiss edirik.
Bu fikirləri psixoloq Aytən Ələkbərova AzEdu.az-a danışarkən qeyd edib.

"Təbii ki, bu arzularla böyüyən nəsil artıq Vətənin, zəfərin əsl mənasını çox yaxşı anlayır. 9 may Qələbə gününü hansı coşqu ilə qeyd edirdiksə, indi bu sevinci ikiqat artıq duyuruq və eyni duyğunu övladlarımıza da yaşadırıq.
Son 30 ildə xalqımız müharibənin nə olduğunu öz gözü ilə gördüyü üçün, bu qələbənin dəyərini daha dərindən hiss edir. Əvvəllər müharibə bizim üçün sadəcə filmlərdə gördüyümüz bir hadisə idisə, indi onu yaşayan bir nəsil kimi bu hisləri övladlarımıza ötürür, onların Vətənə sevgisini formalaşdırırıq.
Bu gün məktəblərdə keçirilən Zəfər Günü tədbirlərində uşaqların bu duyğuları nə qədər səmimi yaşadıqlarını görmək qürurvericidir. Onların söylədiyi şeirlərdə, hazırladıqları personaj və kompozisiyalarda bu vətənpərvərlik hissi açıq şəkildə görünür.
Ailələrdə müşahidə edirik ki, valideynlərin yaratdığı mühit və hisslər uşağın fərdi düşüncəsinin formalaşmasına mühüm təsir göstərir. Bu fərdi düşüncə tədricən uşağın daxilində vətənpərvərlik hissinin oyanmasına gətirib çıxarır.
Əksər hallarda sevgi və vətənə bağlılıq ailədən qaynaqlanır. Lakin elə uşaqlar da var ki, ailə mühitindən kənarda, məsələn, uşaq evlərində böyüyürlər və onların vətənpərvərlik duyğuları daha çox ətraf mühitin, cəmiyyətin və sosial müzakirələrin təsiri ilə formalaşır.
Bəzi hallarda isə hərbi istiqamətə meylli olan gənclərdə bu hiss fərdi arzu və istəklərdən doğur, yəni onların içindən gələn vətən sevgisi və xidmət istəyi ilə formalaşır".