Azedu.az

Psixoloq: Övladınızı tanımaq üçün onunla filmə baxın

Xəbərlər

3 Noyabr 2025, 17:47
Psixoloq: Övladınızı tanımaq üçün onunla filmə baxın

Müasir dövrdə uşaqların televizor və internet vasitəsilə film və seriallara olan marağı günbəgün artır. Bəs, valideynlərin övladları ilə birgə məzmun izləməsi onların psixoloji inkişafına necə təsir edir?

“Ailəvi film” dediyimiz anlayış psixoloji baxımdan nələri ehtiva edir? 

Psixoloq Aytən Ələkbərova mövzu ilə bağlı AzEdu.az-a açıqlama verib.

171666

"Valideynlərlə birgə film və serial izləyən uşaqların düşüncə tərzi və dünya görüşlərində çox müsbət dəyişikliklər müşahidə etmişəm. Bu dəyişikliklər onların daha obyektiv düşünmələrində və fikirlərini daha əsaslandırılmış şəkildə ifadə etmələrində özünü göstərir.

Məsələn, bəzən uşaqlar mənə deyirlər ki, filan seriala baxmısınız? Mən də açıq şəkildə deyirəm: baxmışamsa, baxmışam; baxmamışamsa, baxmamışam. Burada vacib olan həmin serialdakı obrazların davranışlarını və ünsiyyətlərini analiz edə bilməkdir. Çünki bəzən serialdakı mənfi qəhrəmanlar, hansı ki, xarici davranışları ilə yaxşı təsir bağışlaya bilərlər, əslində daxildə pis niyyətlərə sahib olurlar. Uşaqlar bu obrazları anladıqda, real həyatda da insanları daha yaxşı dəyərləndirə bilirlər.

Əgər uşaqlar valideynləri ilə gördüklərini müzakirə edə bilirlərsə, sonrakı mərhələdə psixoloq və ya müəllimlərlə bu mövzuları paylaşmaq onlar üçün çox faydalı olur. Yazdıqları esselərdə və ya danışdıqları vaxt bu mövzuların təhlil olunması onların inkişafına töhfə verir.

Bu müşahidələrim göstərir ki, valideynlər uşaqları ilə birgə film və serial izləməklə onların dünyagörüşünü genişləndirə və ünsiyyət bacarıqlarını inkişaf etdirə bilərlər. Valideynlərin övladlarını daha yaxşı tanıması üçün filmə bərabər baxmaq ideal seçimdir. Təbii ki, burada yaş məhdudiyyətlərinə diqqət etmək vacibdir. 16+, 18+ kimi kateqoriyalar nəzərə alınmalıdır. Valideynlər övladlarının izləməsi üçün uyğun məzmunu seçməlidirlər.

Bəzən uşaqlar qorxu və narahatlıq yaradan filmlərə baxaraq stress yaşayırlar. Buna görə də, belə halların qarşısını almaq üçün valideyn nəzarəti və düzgün seçim çox önəmlidir.

Valideynlərlə birlikdə serial və filmlərə baxan uşaqların daha sağlam psixoloji inkişaf etdiyini görürəm və bunu tövsiyə edirəm".

Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!
Son xəbərlərDaha çox