https://www.zirve.edu.az/
24.12.2018 10:19
Minlərlə  gəncin  gözlədiyi  məlumatlar, hər kəsi  düşündürən təyinat – Həftənin təhsil icmalı   
Çap et

AzEdu.az həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız  həftədə  təhsil sahəsində  nələrin baş verdiyinə  qısa nəzər  salaq:

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu

Bakı Dövlət Universitetinin (BDU) rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək. Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov məlumatı təsdiqləyib.

Bu barədə Təhsil naziri Ceyhun Bayramov dekabrın  21-də  əmr imzalayıb.

Firudin Qurbanov BDU-nun icraçı rektoru vəzifəsini daşımaqla yanaşı, Təhsil Nazirliyindəki nazir müavini postunda da qalacaq.

Azərbaycan Tələbələrinin II qurultayı keçirildi

Dekabrın 21-də Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirildi.

Qurultayda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Ceyhun Bayramov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, millət vəkilləri, ali məktəb rektorları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak ediblər.

Magistratura və rezidenturaya  qəbul imtahanlarının  tarixi müəyyən  olundu

2019-cu ildə DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və rezidenturaya qəbul imtahanlarının, sınaq imtahanları və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri müəyyən olunub.

DİM-dən verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da, rezidenturaya qəbulun birinci mərhələsi martın 31-də, II mərhələsi isə iyulun 14-də keçiriləcək.

Fevralın 3-də magistraturaya qəbul olmaq istəyənlər üçün imtahanın I mərhələsi üzrə kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı keçiriləcək.

İkinci sınaq imtahanlarının dəqiq  keçirilmə zamanı bəlli oldu

Fevralın 10-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanının (I-IV ixtisas qrupları üzrə) keçirilməsi nəzərdə tutulur.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar  üçün buraxılış imtahanlarının (eləcə də əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının) birinci mərhələsi mart ayında, tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanları isə aprel ayında təşkil olunacaq. Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün buraxılış imtahanı qaydasında keçirilən qəbul imtahanı da aprel ayında təşkil olunacaq.

Dövlət qulluğuna qəbul imtahanlarının vaxtı açıqlandı  

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə imtahan yanvarın 26-da, B növü üzrə test imtahanı isə fevralın 17-də keçiriləcək.

Qeyd edək ki, dövlət qulluğuna qəbul imtahanları hər ay keçirilir və növbəti aylarda keçiriləcək imtahan tarixləri haqqında məlumat veriləcək.

Təhsil şöbəsinin müdiri işdən çıxarıldı

İmişli Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində kadr dəyişikliyi baş verib. Şöbə müdiri vəzifəsində işləyən  Əmirov Ramiz Cahangir oğlu təhsil nazirinin əmri ilə təqaüdə göndərilib.

Müvafiq əmrlə bundan əvvəl Təhsil şöbəsinin müdir müavini vəzifəsində çalışan Şükür Rəhimov müvəqqəti olaraq onun vəzifələrini icra edəcək.

Nazirliyin  Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur təşkil olunub

Dekabrın 19-da Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur keçirilib.

Mediatur zamanı jurnalistlərə idarənin fəaliyyət sahələri üzrə cari ildə görülən işlər, həyata keçirilmiş yeniliklər və digər aidiyyəti məsələlər barədə məlumat verilib.

Bildirilib ki, Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikasının ərazisində bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə xidmətlərin göstərilməsi ilə məşğuldur.

AzEdu.azla QUA-nın şagirdlər üçün möhtəşəm layihəsi başa çatdı

"Məktəblinin kitabı" layihəsi çərçivəsində mükafatlandırma   Azərbaycan Dövlət İqtisad Universitetinin konfrans  zalında  baş  tutub.

Layihəyə  qoşulan şagirdlər valideynləri ilə birlikdə tədbirdə iştirak ediblər.

Qadın və Uşaq Akademiyası İctimai Birliyi (QUA) məktəblilərdə  ədəbiyyata, mütaliəyə  maraq yaratmaq  üçün  AzEdu.az  Azərbaycan  Təhsil  Portalı ilə birlikdə həyata keçirdiyi "Məktəblinin kitabı" layihəsi uğurla başa çatdı.

Layihənin birinci  mərhələsində paytaxt və bölgələrdən olan məktəblilərin fotosu və oxuyub bəyəndikləri bədii əsərlərin siyahısı  QUA  və  AzEdu.az-ın Feysbuk və İnstaqram səhifələrində paylaşılaraq ictimaiyyətə təqdim edilib.

İkinci mərhələdə isə  QUA və AzEdu.az komandası  tərəfindən  həmin  ədəbiyyat siyahıları  arasından  ən  yaxşı  10  siyahı seçilib.

III  final mərhələsində isə tanınmış ədəbiyyat, ictimai xadimlərdən ibarət 7 münsif tərəfindən ilk üçlük - layihənin qalibləri müəyyən olunub.

Münsiflər  heyəti  Milli Məclisin deputatı  Fazil Mustafa,  türk dünyasının tanınmış şairi  Rüstəm Behrudi, naşir, "Altun Kitab" nəşriyyatının rəhbəri  Rafiq  İsmayılov,  "Hədəf" Şirkətləri Qrupunun baş direktoru Şəmil Sadıq,  AYB-nin  gənclər katibi, "525"-ci qəzetin baş redaktoru Rəşad Məcid, şairə Kamalə Abıyeva və uşaq yazıçısı Vüqar Haqverdiyevdən  ibarət  yeddilik  olub.

Onlar ilk onluqa düşən  şagirdlərə oxuduqları əsərlər barəsində suallar verməklə, müxtəlif məzmunlu müzakirələr aparmaqla  iştirakçıları 10 ballıq sistemlə qiymətləndiriblər. Qaliblər məhz bu ballara uyğun müəyyənləşib.

Nəzərinizə çatdıraq ki, layihədə ümumilikdə 60 məktəbli iştirak etdi. Onlardan 16-sı müxtəlif bölgələrdən, 44 isə Bakının məktəblərindən olub.

Mükafatlandırma  mərasiminə  Bakıdan, Neftçaladan, Şəkidən, Goranboydan və Ağsudan olan 38 məktəbli şagird qatıldı. Qaliblər və onluğa düşən məktəblilərlə yanaşı, layihənin digər iştirakçıları da sertifikat və kitab hədiyyəsi ilə mükafatlandırıldı.

Qeyd edək ki, layihənin qalibləri  Nurməmmədov  Nuran, Quliyev Həsən və Vəlizadə Nihad olub. Əsədli Nadir isə təxminən eyni balla münsiflərin  fərqləndirdiyi  məktəblilərdən oldu.

Layihəmizin ən kiçik iştirakçıları Qəmər Babayeva, Yusif Cəbili, Yusif Yaqubov isə tədbirə xüsusi gözəllik qatdı. 

HƏFTƏNİN İNFORMASİYALARI

Azərbaycanda 500-dən çox məktəb binası tikilib - SON 5 İLDƏ

Son 5 ildə 500-dən, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilib və yaxud əsaslı təmir edilib. Nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, ilk dəfə ucqar kəndlərdə az şagird kontingenti olan qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib.

Bildirilib ki, 2017-ci ildə 40 rayonda 60 min şagird yerlik modul tipli məktəb quraşdırılıb.

Nazirlikdən oda bildirilib ki, cari ilin sonunadək 43 regionda 8120 şagird yerlik daha 137 modul tipli məktəbin quraşdırılması işləri başa çatdırılacaq. 

Ali məktəblərə qəbul olanların sayı 20 faiz artıb – NAZİR

"Peşə təhsili inkişaf etmiş iqtisadiyyatın formalaşmasında mühüm rol oynayır".

Bunu təhsil naziri Ceyhun Bayramov "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da deyib.

O bildirib ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"ni təsdiq edib:

"Sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyən edilib. Strateji Yol Xəritəsi yerli və beynəlxalq səviyyədə özəl sektor nümayəndələri üçün məlumat və əməkdaşlıq vasitəsi olacaq".

Nazir qeyd edib ki, son bir neçə ildə peşə təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı 27 faiz artıb:

"İnsan kapitalı təhsil keyfiyyəti ilə bağlıdır. Ali təhsilin keyfiyyətinin yüksəldilməsi olduqca vacibdir. Son 4 ildə ali məktəblərə qəbul olan abituriyentlərin sayı 20 faiz artıb". 

Nazir Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayını açıqladı

Geridə buraxdığımız günlərdə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə birgə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayını keçirilib.

Qurultayda çıxış edən təhsil naziri Ceyhun Bayramov  Azərbaycan tələbələrinin ümumi göstəriciləri barədə məlumat verib. O bildirib ki, cari qəbul imtahanlarına qəbulda 41 000 nəfər tələbə adını qazanıb:

“2090 nəfər 500-dən yuxarı bal toplayaraq müəllimlik ixtisasını seçib.

2014-cü ildən Sabah qrupları fəaliyyətə başlayıb. Sabah məzunların 37%-i ölkədə fəaliyyətlərini davam etdirirlər.

İkili diplom proqramları beynalxalq nüfuzun artırılmasında əhəmiyyətli rol oynayır”.

Nazirin sözlərinə görə,  xaricdə təhsil çərçivəsində 3 558 nəfər gənc dünyanın nüfuzlu ölkələrində təhsil alıblar. Ölkədə  86 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları