Təhsilin İnkişafı Fondu (TİF), Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni tələbə kartlarının istifadəyə verilməsi məqsədilə memorandum imzalanıb.
Maraqlıdır, yeni tələbə kartının tələbələr üçün üstünlüyü nələdir? Kart nə vaxtdan istifadəyə verilir?
AzEdu.az Təhsil Portalı olaraq mövzuyla əlaqədar TİF-ə sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq bildirildi ki, vahid kartın tezliklə istifadəyə verilməsi ilə bağlı hazırda tərəfdaşlarla və ali təhsil müəssisələri ilə müzakirələr aparılır və texniki məsələlər üzərində işlər davam etdirilir.
“Kart vasitəsi ilə tələbələr “VISA”nın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana biləcəklər. Layihə çərçivəsində yerli və xarici şirkətlərlə müqavilə imzalanması və tələbələr üçün xüsusi güzəştlərin əldə olunması planlaşdırılır. Bu imkanlar restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və s. məkanlarda mövcud olacaq”,
Bildirilib ki, bu kart ölkə üzrə bütün universitetlərin tələbələri üçün nəzərdə tutulub. (Həm əyani, həm qiyabi, həm ödənişli, həm də ödənişsiz əsaslarla təhsil alan tələbələr):
“Layihənin ilkin mərhələdə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində tətbiq olunması nəzərdə tutulur. Daha sonra isə digər dövlət və özəl universitetlər könüllü şəkildə layihəyə qoşula bilərlər.
Kart eyni anda bir neçə funksiyanı yerinə yetirəcək. Həm universitetə giriş-çıxışı təmin edəcək, həm debet bank kartı kimi fəaliyyət göstərəcək, həm də tələbələrin təqaüd kartı olacaq. Tələbələr bütün bank əməliyyatlarını bu kart vasitəsilə rahat şəkildə yerinə yetirə biləcəklər”.
kitabı