Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-19 12:02:03
AzMİU-nun professoru vəfat edib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ali riyaziyyat kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Fuad Lətifov 69 yaşında vəfat edib.
 
Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.
 
Bildirilib ki, Fuad Lətifov 1955-ci ildə İsmayıllı şəhərində doğulub. 1961-1972-ci illərdə İsmayıllı şəhər 2 saylı orta məktəbdə təhsil alıb, sonra da indiki Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1977-ci ildə ali təhsilini başa vurub təyinatla Təbii qazın nəqlə hazırlanması və nəqli üzrə Ümumittifaq Elmi Tədqiqat Layihə İnstitutunda işə başlayıb. 1984-cü ildən 2010-cu ilədək AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdindəki xüsusi konstruktor bürosunda əvvəlcə baş konstruktor, sonra da baş elmi işçi vəzifələrində çalışıb.
 
1983-cü ildə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyasını müdafiə edib. Professor Fuad Lətifov 2012-ci ilin sentyabrından AzMİU-nun Ali riyaziyyat kafedrasının müdiri vəzifəsində işləyib. Ötən bu müddət ərzində o, kafedranın tədris proqramlarının, dərslik və dərs vəsaitlərinin hazırlanmasında mühüm işlər görüb, bir çox elmi konfransların keçirilməsinin təşkilatçısı və təşəbbüskarı olub. Bir neçə nəslin müəllimi olmuş Fuad Lətifov çalışdığı kollektivlərdə sanballı alim, təcrübəli riyaziyyatçı, dəyərli ziyalı, xeyirxah insan kimi tanınıb.
 
Allah rəhmət eləsin!