Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-06 16:54:16
Səfirlik GIPA jurnalistika üzrə magistr proqramına tələbə qəbulu elan edib

ABŞ səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media əlaqələri üzrə magistr proqramına tələbə qəbulu elan edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

 

Bildirilib ki, proqram üzrə dərslər ABŞ və Avropa universitetlərindən səfər edən müəllimlər və yerli professorlar tərəfindən aparılacaq. Bu proqram ABŞ-nin Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda medianın gücləndirilməsidir. Beşədək azərbaycanlı namizədin 2024-cü ilin sentyabrından 2026-cı ilin iyununa qədər dörd semestr ərzində təklif olunacaq proqram üçün seçilməsi gözlənilir. Səfirlik ehtiyacı olan tələbələrin Gürcüstanda oxuduğu müddətdə təhsil və yaşayış xərclərini maliyyələşdirəcək.

 

Müsabiqəyə jurnalistika, media, kommunikasiya, qrafika, foto jurnalistika, məzmunun işlənib hazırlanması və digər əlaqəli sahələrlə maraqlanan tələbələr müraciət edə bilərlər. Tələbələr 2024-cü ilin sentyabr ayından 2025-cü ilin dekabr ayına kimi Tbilisi şəhərində GİPA-da oxuyacaqlar. 2026-cü ilin iyul ayında isə tələbələr diplom işlərini müdafiə etmək üçün yenidən instituta qayıtmalı olacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompüter, radio və video avadanlıqlardan, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. GIPA tələbələri Erasmus+ mübadilə proqramlarında iştirak etmək və müxtəlif Avropa Universitetlərində bir semestr təhsili üçün maliyyə almaq hüququna malikdirlər. Tələbələr GIPA proqramının tələblərini yerinə yetirmək üçün GIPA ilə müzakirələr aparmalıdırlar.

 

Çap və teleradio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və əldə edilmiş təcrübə prinsipləri üzərində qurulub və faktlara əsaslanan peşəkar xəbərin çatdırılmasını nəzərdə tutur.  Kurs işinə həmçinin media və biznesin idarə edilməsi, hüquqi məsələlər və media etikası ilə yanaşı müxtəlif mövzular da daxildir.

 

Müsabiqədən keçmək üçün namizədlərdən yüksək səviyyədə ingilis dili biliyi tələb olunur.

 

Seçim prosesi üçün ərizə forması, üç tövsiyə məktubu, təhsil məqsədləri haqqında bəyanat (minimum 300 söz), diplomların surəti, diplom əlavələri, şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti GIPA-2024 Application yazılmaqla [email protected] ünvanına göndərilməlidir.

 

Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin iştirakı ilə Bakıda ingilis dilində keçiriləcək müsahibə də daxildir.

 

Sənədlər mayın 5-dək təqdim olunmalıdır.

 

Qeyd edək ki, 2024-ci ildə universiteti bitirmiş, lakin diplomlarını vaxtında ala bilməyən məzunlar bunu təsdiqləyən müvəqqəti sənəd/arayış verməklə proqrama qatıla bilərlər. Ancaq avqustun 1-dək diplomlarını qəbul komissiyasına təqdim etmələri vacibdir.