Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-19 16:00:49
Şagirdləri tətil müddətində dərslə yükləmək doğru deyil

Novruz bayramı ilə əlaqədər Nazirlər Kabineti tərəfindən verilmiş qərara əsasən martın 20-dən 27-dək qeyri-iş günüdür. Tətilə ən çox sevinənlər də elə məhz tələbələr və abituriyentlərdir.

 

Bayram tətilini abituriyentlər necə fürsətə çevirməli?

 

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi (Əfəndiyev) tövsiyələrini AzEdu.az vasitəsi ilə abituriyentlərə çatdırıb.

 

Ekspert bildirib ki, imtahan verəcək IX və XI sinif şagirdləri tətildən maksimum istifadə etməlidirlər:

 

“Buraxılış imtahanı verəcək 9 siniflər və blok imtahanı verəcək 11-ci siniflər, eləcə də əvvəlki illərin məzunları konkret olaraq müvafiq fənlər üzrə hazırlaşmalıdırlar. Düşünürəm ki, 20-21 mart tarixlərdə şagirdlər rahat olmalı, tətili yaşamalıdırlar. Ondan sonrakı mərhələdə isə qismən imtahan verəcəkləri fənlərə diqqət ayırmalıdırlar. Tədricən boşluqları olan mövzuları aradan qaldırmalıdırlar”.

 

E.Əfəndi qeyd edib ki, müəllimlərin şagirdləri tətil müddətində dərslə yükləmələri doğru deyil:

 

“Bu müddət tətildir. Şagirdlər normal istirahət etməlidirlər. Ona görə də müəllimlər bu məqamı nəzərə almalıdırlar. Mənə görə hazırlıq kursları da martın 25-nə qədər tətilə imkan yaratmalıdırlar. Təkcə abituriyentlər deyil, eləcə də müəllimlər yaxşı olar ki, bu müddətdə özlərinə vaxt ayırsınlar. Müəllimlərin istirahət etmələri tətildən sonrakı müddətdə təmiz beyin, bol enerji ilə dərslərə başlamalarına fürsət yaradır. Bütün Azərbaycan xalqını, eləcə də müəllimləri, şagirdləri Novruz bayramı münasibəti ilə təbrik edirəm. Bayram hər kəsə düşərli olsun. İmtahan verəcək hər bir şəxs arzusuna çatsın!”