Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-21 04:52:35
Akademiyanın vitse-prezidenti: "Azərbaycan alimləri yalnız İlham Əliyevin timsalında Azərbaycanın parlaq gələcəyini görürlər"

Bu gün Azərbaycan alimləri Prezident İlham Əliyev tərəfindən həm maddi, həm də mənəvi dəstək görürlər.

AzEDU xəbər verir ki,  bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Azərbaycanın, o cümlədən elm sahəsinin inkişafında ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin çox mühüm rolu olduğunu deyən İ.Həbibbəyli ölkə başçısının elm sahəsinə hazırda da önəm verdiyini söyləyib.

Akademik qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən elm sahəsində ciddi islahatlar həyata keçirilib. Bu sahə Azərbaycanın milli və dövlətçilik maraqlarına uyğun inkişaf etdirilir.

İ.Həbibbəylinin sözlərinə görə, elm sahəsində fəaliyyəti daha da stimullaşdırmaq üçün AMEA-nın tərkibində Yüksək Texnologiyalar Parkı yaradılıb, Təcrübə-Sənaye Zavodu inkişaf etdirilib. Bunların nəticəsində Azərbaycan elmi innovativ layihələrin gerçəkləşməsi üçün imkan əldə edib.

Bunu elm sahəsinə göstərilən müstəsna qayğı kimi dəyərləndirən İ.Həbibbəyli deyib ki, akademiyanın sahibkarlıq fəaliyyəti ilə məşğul olması elm sahəsində, AMEA-nın fəaliyyəti dövründə yeni hadisədir:

"Prezident İlham Əliyevin apardığı islahatlar nəticəsində Akademiyada fundamental dəyişikliklərin davam etdirilməsi ilə yanaşı, innovativ yönümlü, istehsalat yönümlü addımlar atılıb və nəzəriyyədən praktikaya keçilib. Bununla da Azərbaycan elminin inkişafına böyük təkan verilib".

İ.Həbibbəyli bildirib ki, AMEA-da magistratura şöbəsinin yaradılması Prezident İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi işlərdən biridir.

Akademiyanın vitse-prezidentinin sözlərinə görə, dövlətimizin müstəqilliyinin ilk illərində AMEA-nın beynəlxalq əlaqələri arzuolunan səviyyədə qurulmamışdı. Lakin son illər ərzində Akademiya dünyanın müxtəlif ölkələri ilə qarşılıqlı elmi təcrübənin aparılması üçün 40-dan çox müqavilə bağlayıb:

"Bu da Azərbaycan elmini dünyada tanıtmağa geniş imkan açır. Bu, Azərbaycanın imicinin yüksəldilməsi üçün daha bir istiqamətdir. İlham Əliyevin bu sahəyə dəstəyi Akademiyanın inkişafına böyük təkan verir".

Son 15 il ərzində Azərbaycanda alimlərin maddi rifah səviyyəsinin yaxşılaşdırılması üçün də işlərin görüldüyünü deyən İ.Həbibbəyli bildirib ki, sadalanan amillərə, o cümlədən ölkəmizdəki sabitliyə görə Azərbaycan alimləri İlham Əliyevin fəaliyyətini yüksək dəyərləndirirlər və ona bütün istiqamətlərdə tam dəstək verirlər:

"Qarşıdan gələn seçkilərdə də bütün Azərbaycan xalqı, o cümlədən də alimləri Prezident İlham Əliyevin qələbəsini ölkəmizin gələcəyi üçün vacib hesab edirlər. Azərbaycan alimləri, ziyalıları İlham Əliyevin namizədliyini dəstəkləyir. Yalnız onun timsalında Azərbaycanın parlaq gələcəyini görürük".