https://www.zirve.edu.az/
20.03.2018 18:00
Əbu-Dabidə Novruz şənliyində tələbələr iştirak edib

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyində Novruz bayramı münasibətilə tədbir keçirilib.

AzEDU AZƏRTAC-a istinadən bildirir ki,  səfirliyin və ölkəmizin Dubay şəhərindəki baş konsulluğunun birgə təşkilatçılığı ilə keçirilən bayram şənliyində icmamızın üzvləri, azərbaycanlı tələbələr və yerli qonaqlar iştirak ediblər.

Səfir Daşqın Şikarov çıxış edərək Novruz bayramının tarixi, adət-ənənələri barədə məlumat verib. O deyib ki, Birləşmiş Ərəb Əmirliklərində yaşayan və işləyən azərbaycanlılar bu gözəl bayram münasibətilə yenidən bir araya gəliblər.

Baş konsul Cavidan Hüseynov Novruz bayramı münasibətilə soydaşlarımızı təbrik edib, xalqımızın adət-ənənələrinin qorunub saxlanılmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini bildirib.

Sonra milli mətbəximizin nümunələrindən və şirniyyatlarımızdan ibarət bayram süfrəsi açılıb.

Ənənəyə uyğun olaraq bayram tonqalı alovlandırılıb, milli geyimli Azərbaycan uşaqları və tədbir iştirakçıları tonqal ətrafına toplaşıblar.