Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-22 13:38:50
TALIS tədqiqatında indiyədək 3861 müəllim iştirak edib

Öyrətmə və Öyrənmə üzrə Beynəlxalq Sorğunun (Teaching and Learning International Survey – TALIS) əsas mərhələsinin təşkili davam edir. Tədqiqat Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, əsas mərhələnin başlanmasından indiyə qədər 205 məktəb üzrə 3861 müəllim sorğuda iştirak edib. Bu müəllimlərdən 3471-i Azərbaycan dilində, 390-ı isə rus dilində sorğunu tamamlayıb. Fevralın 8-dən etibarən müəllimlərlə birlikdə 204 məktəb direktoru da sorğunu cavablandırıb. Direktorların 188-i Azərbaycan dilində, 16-sı isə rus dilində sorğunu tamamlayıb. Ümumilikdə iştirak etməsi nəzərdə tutulan müəllimlərin 89 faizi, direktorların isə 92 faizi sorğuya cavab verib.

 

Beynəlxalq tədqiqatın əsas mərhələsi üzrə məlumatların toplanması prosesinin bu ilin fevral ayı ərzində tamamlanması planlaşdırılıb. Əsas mərhələdə ölkəmizdə 222 məktəb üzrə ümumilikdə 4000-dən çox müəllimin və 222 məktəb rəhbərinin iştirakı nəzərdə tutulub.

 

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 2008-ci ildən etibarən hər beş ildən bir həyata keçirilən TALIS tədqiqatında Azərbaycan ilk dəfə iştirak edir. Tədqiqat müəllimlərin və məktəb rəhbərlərinin bir çox istiqamət üzrə fikir və baxışlarını öyrənmək məqsədi daşıyır.