Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-14 12:34:00
Uşaqlar rusca dil açırlar! - Öncə valideyn, sonra məktəb...

Son günlərdə şagirdlərin bir çoxunun ana dilində fikirlərini ifadə etmə bacarıqlarının zəifliyi ciddi müzakirə predmetinə çevrilib. Ötən günlərdə elm və təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi “yüksək nailiyyət əldə edən bəzi şagirdlər esse yaza bilmir” fikri mövzunu yenidən gündəmə gətirdi. Kimi problemin kökünü övladlarına göz açan kimi əcnəbi dil öyrədərək, dil balansını qoruya bilməyən valideynlərdə, kimisi isə şagirdləri əzbərçiliyə öyrədən test üsulunun tətbiqində görür.

 

Gənclərdə özünüifadə problemi ilə bağlı BDU-nun professoru Qulu Məhərrəmli onların danışığında dilin obrazlılığı, şirəsi, təbiiliyi, ifadə gücü çox da aydın görünmədiyini təəssüf hissi ilə qeyd edib:

 No description available.

 

“Elm və təhsil naziri Emin Əmrullayevin Azərbaycan dili problemi ilə bağlı danışması, xüsusən yeniyetmələrin öz fikirlərini ana dilində düzgün ifadə edə bilməmələri ilə bağlı qaldırdığı məsələ ana dilinin indiki durumuna tamamilə adekvatdır. Bizim bir çox gəncimiz Azərbaycan dilində fikirlərini səlis ifadə etməkdə çətinlik çəkir”. 

 

Professor problemin səbəbini ilk növbədə ailələrdə görür və onların rolunu belə izah edir:

 

 

“Uşaq göz açdığı mühitdə Azərbaycan dilinin havasını hiss etməlidir. Onun yerini, rolunu, statusunu bilməlidir. Dilin təbii gücünü, intonasiya əlvanlığına bələd olmalıdır.

 

Bu baxımdan hesab edirəm ki, orta məktəblərimizdə də bununla bağlı müəyyən problemlər var. Şagirdlər mütaliə ilə az məşğul olurlar. Ümumiyyətlə bədii qiraət arxa plana keçib. Kitab müzakirələri azalıb. Dilin işlənmə və dərinliklərə enmə imkanları məhdudlaşdırılıb. Şeir, bədii yazı müsabiqələri azalıb, Bunların hamısı dilin funksionallığına və yeniyetmələrin şüur səviyyəsinə ciddi şəkildə təsir göstərən amillərdir”.

 

 

Q.Məhərrəmlinin sözlərinə görə, problemi aradan qaldırmaq üçün ilk növbədə məktəblərin üzərinə ciddi vəzifə düşür:

 

“Çünki gənclər ilk növbədə orada yetişir, formalaşır, ana dilinin vacib mətləblərini öyrənir. Hesab edirəm ki, dil daşıyıcılarında bu məhəbbəti formalaşdırmalıyıq”.