Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-14 17:09:50
Müəllimlər bugünkü imtahandan QAN AĞLADILAR

İyulun 14-də müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarında ilk seansda Azərbaycan dili və ədəbiyyat üzrə 7 187, Azərbaycan dili (rus bölməsi) üzrə 196 namizəd iştirak edib.
 
AzEdu.az xəbər verir ki, Bakı və regionlarda təşkil edilən imtahanların iştirakçıları prosesdən kütləvi narazılıqla çıxıblar.

Namizədlər bildiriblər ki, bugünkü imtahanlarda 2021-ci ildəki olaylar təkrarlanıb.

Belə ki, həm ixtisas, həm də kurikulumdan anlaşılmaz sualların tərtib olunması ilə sanki namizədləri qəsdən çaşdırmağa, səhv etməyə çalışılıb.

“Belə MİQ olmur, bu, qorxulu filmə bənzəyirdi”, - deyə Samirə İsmayılova adlı namizəd bildirib.

Kəmalə Səmədova adlı namizəd imtahan təşkilatçılarına çağırış edib:

“Sualları ictimaiyyətlə paylaşın, müzakirə edilsin! Bugünkü Azərbaycan dili və ədəbiyyatı ixtisasının sualları çox sıxıcı idi, bilmədik sualları başa düşməyə necə zaman çatdıraq!”.

Təranə Abdullayeva: “Azərbaycan dili və ədəbiyyatı fənni üzrə imtahan yenidən təşkil olunsun! İmtahan çox bərbad vəziyyətdə idi, sualların çətinlik səviyyəsi eyni, yəni çətin idi, verilən vaxta uyğun deyildi”.

Jalə Cavidan: “İmtahan yenidən keçirilsin! Suallarda səhvlər var idi, çərçivədə olmayan əsərdən sual salınmışdı”.

Günel Məmmədova: “Bu gün imtahan olmadı, filoloqlara matəm təşkil olunmuşdu”.

Gülzadə Tağıyeva: “Azərbaycan dili və ədəbiyyat fənni üzrə imtahandakı suallar çətin yox, daha ötə idi. Səhv suallar, çərçivədən kənar mövzular var idi. İmtahan yenidən təşkil edilsin!”.

Sosial şəbəkələrdəki ayrı-ayrı səhifə və qruplarda müəllimlər kütləvi şəkildə narazılıqlarını ifadə edirlər. Onlar narazılıqlarını Elm və Təhsil Nazirliyinin, İnsan Resursları Mərkəzinin, Təhsil TV-nin səhifələrinə ünvanlayıblar.

Bir sözlə, hamı bugünkü MİQ imtahanlarından qan ağlayır…


A.Qorxmaz