Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-17 13:22:27
“Bu reallaşsa, akademiyada çalışan bütün gənc alimlərin ev problemi həll oluna bilər” –AMEA əməkdaşı

“İndiki kommersiya şərtlərinə görə, gənc alim ilkin ödənişi ödəyəndən sonra, yerdə qalan vəsaiti 2-3 ilə ödəməlidi. Bu, təxminən, aylıq 700-800 manat ödəniş deməkdir. Hazırda akademiyanın əksər əməkdaşları bu məbləği ödəmək iqtidarında deyil”.

Bu sözləri AzEdu.az saytına açıqlamasında Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Əfsun Sucayev deyib.

O, sadaladığı ödəniş şərtlərinin gənc alimlərin gəlirlərinə uyğun şəkildə təqdim olunmasını arzulayır:

efsun  sucayev.jpg
“Əvvəla, gənc alim kimi onu qeyd etmək istəyərdim ki, akademiya rəhbərliyinin bu təşəbbüsünü müsbət qiymətləndirirəm. Çünki, müstəqilliyimizin bərpasından bu günə qədər akademiyada alimlər üçün güzəştli şərtlərlə evlərin tikilməsi təcrübəsi olmayıb. Şərtlərin gənc alimlərimizin gəlirlərinə uyğun şəkildə təqdim olunma məqsədi ilə akademiya rəhbərliyi Nazirlər Kabineti və Prezident yanında belə bir məsələ qaldırıb ki, mümkün olduğu halda, ilkin ödənişdən sonrakı məbləğ ipoteka şəklində ödənilsin. Bütün məbləği ödəmək üçün ayrılan vaxt isə 15-25 il müddətinə uzadılsın. Bu reallaşdığı halda, akademiyada çalışan bütün gənc alimlərin ev problemi həll oluna bilər”.

Qeyd edək ki, Abşeron rayonu Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları üçün inşa olunacaq "Alimlər şəhərciyi" yaşayış kompleksində, artıq, mənzillərin satışına başlanılıb. "Alimlər şəhərciyi"ndəki mənzillərin xidməti olacağı nəzərdə tutulur. Yəni mənzillər yalnız AMEA-nın elmi təsisatlarının əməkdaşlarına veriləcək. Mövcud qanunverciyiliyə əsasən, xidməti mənzillər orada yaşayan vətəndaşlar tərəfindən satıla və ya başqasına hədiyyə edilə bilməz.