Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-20 17:22:37
Rüşvət almaqla təqsirləndirilən  direktorun məhkəməsi başlayıb

Ağdam Musiqi Kollecinin keçmiş direktoru Rafail Musayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

AzEdu.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr həyata keçirilib.

 

Prokuror təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin qüvvədə saxlanılmasını, cinayət işinin baxışa təyin edilməsini istəyib.

 

Qərara əsasən, prokurorun vəsatəti təmin olunub. İş üzrə baxış iclası mayın 31-ə təyin olunub.

 

Qeyd edək ki, Rafail Musayev külli miqdarda rüşvət almaqda ittiham olunur.

 

İstintaq zamanı Rafail Musayevin qeyd olunan vəzifədə işlədiyi 2019-2023-cü illər ərzində kollecdə müəllimlərin işlə təmin edilməsi, onlara əlavə dərs saatlarının verilməsi, habelə tələbələrin imtahanlardan məqbul qiymət alması müqabilində ümumilikdə 45 min manatdan artıq pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

 

İş üzrə toplanmış sübutlar əsasında Rafail Musayevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilərək, barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.