Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-07 10:34:05
DİM “Məşğulluq həftəsi” layihəsində iştirak edəcək

2023-cü il 10-19 aprel tarixlərində DİM-in əməkdaşları “ADA” Universitetinin dəvəti ilə universitetin nəzdində təşkil olunan “Məşğulluq həftəsi”ndə (Employability Week) təqdimatçı kimi iştirak edəcəklər.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

 

Bildirilib ki, “Məşğulluq həftəsi” müxtəlif fəaliyyət istiqamətləri üzrə tərəfdaş qurumlar tərəfindən təlimlər silsiləsi və seminarların keçirilməsi üçün nəzərdə tutulub.

 

Təlimlərin məqsədi karyera tendensiyaları ilə bağlı “ADA” Universitetinin 2-4-cü kurs və magistratura tələbələri arasında məlumatlılığı artırmaq və tələbələrlə potensial işəgötürənlər arasında əlaqə yaratmaq, o cümlədən spesifik fəaliyyət sahələri ilə əlaqədar zəruri texniki biliklər barədə iştirakçıları məlumatlandırmaqdan ibarətdir.

 

Layihədə DİM-lə yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Fondu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Beynəlxalq Bankı, Yelo Bank, Unibank, “ATL Tech” MMC, “Azerbaijan Coca‑Cola Bottlers” MMC, “Azerconnect” MMC, “Baker Tilly Azərbaycan” MMC, “BP Exploration (Azerbaijan) Limited”, “Deloitte & Touche” MMC, “Ekvita” MMC, “Ernst & Young Global Limited Azərbaycan”, “KPMG Audit Azərbaycan” MMC, “PAŞA Həyat Sığorta” ASC, “PMD Group” MMC nümayəndləri iştirak edəcəklər.

 

Təlimlər aşağıdakı mövzular üzrə ingilis dilində keçiriləcək:

-  emosional zəkanın rolu;

-  sahə (sənaye) anlayışları;

-   müsahibə bacarıqlarının təkmilləşdirilməsi;

-   müvəffəqiyyət üçün bacarıqların artırılması və iş etikası;

-   sahibkarlıq və innovasiya;

-   şəxsi brendinq və rəqəmsal şəbəkə.

 

Qeyd edək ki, DİM ötən ildə də “Məşğulluq həftəsi” layihəsində iştirak edib. Təlimlərin sonunda DİM tərəfindən aparılan qiymətləndirmə nəticəsində ən yüksək nəticə göstərmiş 3 nəfər DİM-də 2 aylıq təcrübə proqramında iştirak edib və təcrübəçilərdən biri hal-hazırda DİM-in Beynəlxalq əməkdaşlıq şöbəsində çalışır.