Azedu.az

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul elan edilib

Universitetlər

Dövlət İmtahan Mərkəzi

23 Aprel 2026, 12:45
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul elan edilib

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün bakalavriat səviyyəsi üzrə 8 yer ayrılıb.

AzEdu.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən abituriyentlər 23 – 30 aprel 2026-cı il tarixlərində tələb olunan sənədləri mövzu bölməsində “MDBƏİ” yazmaqla [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Abituriyentlər qeyd olunan elektron poçt ünvanına aşağıdakı sənədlərin fotosurətlərini göndərməlidirlər:

Şəxsiyyət vəsiqəsi;
Cari ildə orta məktəbi bitirən məzunların bitirdiyi məktəbdən yarımillik qiymətləri göstərilən arayış;
Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədi;
Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi (oğlanlar);
Əlaqə məlumatları.

Müsabiqədə iştirak etmək hüququna orta məktəbin rus bölməsini bitirən, 2026-cı il iyulun 30-dək 19 yaşı tamam olmayan, attestat qiymətləri (cari ilin məzunlarının yarımillik qiymətləri) 4 və 5 olan, II ixtisas qrupu üzrə sənəd verəcək şəxslərin attestatında riyaziyyat, rus dili və xarici dil fənləri, digər ixtisas qrupları üzrə sənəd verəcək şəxslərin isə attestatında rus dili və xarici dil fənləri üzrə yarımillik qiyməti 5 olan, həmçinin buraxılış imtahanında 200 və daha artıq bal toplayan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.

Dövlət İmtahan Mərkəzi tərəfindən sənədləri qəbul olunan abituriyentlərlə may ayının əvvəlində müsahibə keçiriləcək. Müsahibədə namizədlərin ümumi dünyagörüşü, Azərbaycan və ingilis dilləri üzrə danışıq bacarıqları yoxlanılacaq.

Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

Abituriyentlər müsabiqədə beynəlxalq münasibətlər, regionşünaslıq, iqtisadiyyat, ticarət işi, hüquqşünaslıq, jurnalistika, reklam və ictimaiyyətlə əlaqələr, ekologiya və təbiətdən istifadə  ixtisaslarından biri üzrə iştirak edə bilərlər.

Abituriyent kimi göstəriciləri ən yüksək olan və müsahibədən uğurla keçən 8 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaqdır. 

Növbəti mərhələ imtahanlarının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar. Qeyd edək ki, universitetin özü tərəfindən iki mərhələli imtahanın keçirilməsi nəzərdə tutulur.

İran Azərbaycanı uşaqlarla hədələdi: Qadınlara da silah paylandı
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox