https://www.zirve.edu.az/
16.03.2018 11:23
Azərbaycanlı alim Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin  sədrliyi ilə Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Azərbaycan Elmi Mərkəzinin (AEM) növbəti iclası keçirilib.

AzEDU.az AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, tədbirdə RTEA-nın vitse-prezidenti, akademik Əzizağa Şahverdiyev, AMEA-nın müxbir üzvləri Tulparxan Salvatov, Qeylani Pənahov, Qurban Yetirmişli və digərləri iştirak ediblər.

İclasda qurumlar arasında birgə elmi əməkdaşlıq perspektivləri müzakirə edilib, bu əlaqələrin hansı istiqamətlər üzrə davam edəcəyi müəyyənləşdirilib.

Dövlətlərarası elmi əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan akademik İ.Quliyev bildirib ki, 2014-ci il noyabrın 13-də AMEA və RTEA rəhbərliyinin təşəbbüsü ilə yaradılan RTEA-nın Azərbaycan Elmi Mərkəzinin fəaliyyəti hər iki qurum arasında texnologiya, texnika və təhsil sahələrində əlaqələrin yaranmasına, fundamental və tətbiqi araşdırmaların genişlənməsinə və müasir elmi istiqamətlər üzrə aparılan tədqiqatlara gənc alimlərin cəlb olunmasına yönəlib.

Tədbirdə, həmçinin RTEA-nın prezidenti, akademik Oleq Kuznetsovun sədrliyi ilə keçirilən RTEA Rəyasət Heyətinin iclasında gizli səsvermə yolu ilə AMEA Rəyasət Heyətinin Fənlərarası Analitik Mərkəzinin direktoru, professor Rüfət Məmmədovun bu qurumun xarici üzvü seçildiyi diqqətə çatdırılıb. Alimə RTEA-nın xarici üzvü diplomu, vəsiqəsi və fərqlənmə nişanı təqdim olunub.