Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-16 07:35:42
Çin universitetində Azərbaycan dili üzrə kadrlar hazırlanacaq

Çinin ən nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetində (PXDU) 2018-2019-cu tədris ilindən başlayaraq Azərbaycan dili üzrə kadrların hazırlanmasına başlanılacaq.

AzEDU.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu universitetin rektoru Pen Lon Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı ilə görüşdə deyib.

PXDU-da Azərbaycan dilinin ikinci dil kimi tədrisinə bir il əvvəldən başlanıldığını diqqətə çatdıran rektor ötən müddətdə 42 tələbənin Azərbaycan dili dərslərində iştirak etdiyini deyib.

“Bir kəmər, bir yol” strategiyası çərçivəsində Çinin Azərbaycan ilə əlaqələrinin inkişafını nəzərə alan ölkənin Təhsil Nazirliyi PXDU-da Azərbaycan dili üzrə kadrların hazırlanmasını qərara alıb. Plana əsasən, növbəti tədris ilində 12 çinli gənc Azərbaycan dili üzrə dördillik bakalavr təhsili almaq imkanı qazanacaq.

Pen Lon universitetdə Azərbaycan dilinin tədrisi və kadr hazırlığı ilə əlaqədar ölkəmizin bir neçə ali təhsil ocağı və Azərbaycan Milli Elmlər Akademiyası ilə səmərəli əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.

Səfir Əkrəm Zeynallı Azərbaycan və Çin arasında münasibətlərin hazırkı durumu və perspektivləri barədə danışaraq, “Bir kəmər, bir yol” strategiyasının müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaratdığını deyib. Bu strategiyanın Çinin müxtəlif ölkələrlə təkcə iqtisadi əlaqələrinin genişlənməsini nəzərdə tutmadığını qeyd edən Ə.Zeynallı, habelə humanitar sahədə də münasibətlərin dərinləşməsinə yol açdığını bildirib.

Səfir PXDU-da Azərbaycan dilinin tədrisi ilə bağlı səfirliyin hər cür dəstək göstərməyə hazır olduğunu deyib.

Qeyd edək ki, 1941-ci ildə fəaliyyətə başlayan və əsasən Çin Xarici İşlər Nazirliyi üçün kadrların hazırlanması ilə məşğul olan PXDU-nun məzunları arasında 400-ə yaxın səfir, minlərlə diplomat olub. Universitetin hazırda 87 ölkədən 451 təhsil ocağı ilə müxtəlif səviyyələrdə əlaqələri mövcuddur.