Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 13:19:00
Xaricdəki tələbələrin Azərbaycana köçürülmə qaydaları yumşaldılsın - TƏKLİF

“Türkiyə, Rusiya və Ukraynada təhsil alan tələbələrin Azərbaycan universitetlərinə transfer olunmasında yumşaldıcı qaydalara ehtiyac var”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

 

O qeyd edib ki, Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən, ölkə vətəndaşları xarici ölkələrin universitetlərində aşağıdakı hallarda təhsil ala bilər.


1. Azərbaycan Respublikasının maliyyəsi hesabına "Dövlət Proqramı" çərçivəsində.
2. Hökumətlərarası təqaüd proqramı ilə
3. Tələbənin öz maliyyəsi hesabına


Məlumdur ki, xarici ölkələrdə təhsil alan gənclərimizin böyük qismi Türkiyə, Rusiya və Ukraynada oxuyur.
 

Rusiya-Ukrayna müharibəsi tələbələrdə böyük narahatlıga səbəb oldu. Ukraynada təhsilini yarımçıq qoyan tələbələr, həmçinin Rusiyada gələcək iqtisadi problemləri nəzərə alan valideynlər tərəddüd içindədir. Ona görə də tələbələrin böyük bir qismi qardaş Türkiyədə oxumağa üstünlük verirdi. Amma Türkiyədə baş verən şiddətli zəlzələ və vəfat edənlərin arasında azərbaycanlı tələbələrin də olması bir çox valideyni fikrindən daşındırdı. Xüsusilə də Dövlət Proqramı ilə Türkiyədə təhsil alan tələbələrin narahatlığı daha çox diqqət çəkicidir. Ona görə ki, onların qəbul olunduğu universitetlərə və ixtisaslara görə dövlət təqaüd ayırıb".

 
Bəs bu tələbələr həmin universitetlərdən imtina etdikdə və yaxud başqa bir ölkəyə transfer olunduqda proses necə tənzimlənməlidir?


R.Nurəliyev deyib ki, dövlət təqaüdü ilə təhsil alanlar dövlət qarşısında öhdəlik götürür və bu təqaüd həmin tələbəyə qəbul olunduğu ölkə və universitetə görə təyin edilir, tərəflər arasında razılaşdırılır.


"Tələbə özbaşına transfer etdikdə öhdəliyi yerinə yetirməmis olmaqla, dövlət təqaüdündən məhrum olunur. Bu kimi fövqəladə hallarda tələbə müqavilə bağladığı icraedici orqan ilə görüşməli, məsləhətləsməli və razılığı əldə edilərək ona müvafiq addım atmalıdır. Əgər icraedici orqanın razılığı olmadan tələbə transfer edərsə, ona ayrılan təqaüd dayandırıla bilər.

İkinci kateqoriya öz maliyyəsi hesabına təhsilalanlardir ki, bunların köçürülməsində qanunvericiliyin tələblərinə riayət olunmaqla hər hansı bir əngəl yoxdur. Bu tələbələrin həm Azərbaycan, həm də başqa bir ölkəyə transferi mümkündür. Amma burda da Elm və Təhsil Nazirliyinin xüsusi qaydaları öz əksini tapmaqdadır”. 

 

Ekspert xaricdə oxuyan tələbələrin hansı hallarda transfer üçün müraciət edə biləcəklərini aydınlaşdırıb:

 

“Əgər tələbə qəbul olunduğu tədris ilində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanında iştirak etmiş, lakin buna rəğmən Azərbaycandan kənarda təhsil almaq üçün getmişsə və müəyyən vaxt sonra təkrar Azərbaycan universitetlərində təhsil almaq qərarına gələrək  transfer üçün müraciət edəcəyi ixtisasın balını toplamışsa, həmçinin SAT, TOEFL, IELTS imtahanından tələb olunan nəticəsi varsa, bu zaman transfer üçün müraciət edə bilər. Yox əgər tələbə attestat balı, ortalaması, YÖS imtahanı nəticəsi ilə qəbul olunmuşsa, bu zaman transferi qəbul edilməyəcək. Əgər tələbə başqa bir xarici universitetə transfer etmək istəyirsə, o zaman həmin ölkənin transfer qaydaları ilə tanış olmalı, tələb olunan imtahan nəticəsi və sənədləri hazırlayaraq müraciət etməlidir. 

 

Elm və təhsil naziri Emin Əmrullayevin ötən aylarda bununla bağlı qəti mövqeyi mətbuatda yer almışdı. Nazirlik qış transferinin olmayacağını və sistemin təkmilləşdiriləcəyini ictimaiyyətə açıqladı. Ehtimal olunur ki, yayda transfer qaydalarında dəyişiklik edilərkən müəyyən qədər yumşaltma da nəzərə alınacaq. Hazırda Ukrayna və Türkiyə universitetlərindən kütləvi şəkildə transfer üçün müraciətlər gözlənilir. Çox arzuolunan olardı ki, mövcud vəziyyətlə bağlı Ukrayna və Türkiyə universitetlərində təhsil alan tələbələrə müəyyən güzəştlər olunsun. Azərbaycan universitetlərində çox sayda boş yerlər var ki, bunlara transfer ilə xarici tələbələrin köçürülməsində köməklik göstərilsin. Həm maliyyəmizin xaricə daşınmasının müəyyən qədər qarşısı alınmış olar, həm də Ukraynada müharibə, Türkiyədə də zəlzələ səbəbindən təhsilini  yarımçıq qoyan tələbələrimiz arzularına çatar”.