Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-09 14:04:00
Kimya fənni üzrə kurikulum müzakirəsi təşkil edilib-ARTİ

8 fevral tarixində ARTİ-də təkmilləşdirilməkdə olan kimya fənn kurikulumunun müzakirəsi təşkil edilib. Müzakirədə DİM, AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, BDU, BMU, ADPU, SDU və Xəzər Universitetinin kimya fənni üzrə ekspertləri iştirak edib.

 

AzEdu.az xəbər verir ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində vəfat edənlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra İnstitutun direktoru, kimya üzrə fəlsəfə doktoru Rüfət Əzizov giriş nitqi ilə çıxış edərək, tədbir iştirakçılarını salamlayıb. Daha sonra Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov təkmilləşdirmə prosesi haqqında məlumat verərək işçi qrupunu auditoriyaya təqdim edib.

 

Müzakirənin davamında işçi qrupunun üzvü Elşad Abdullayev təkmilləşdirməkdə olan kimya fənn kurikulumundakı yeniliklər barədə iştirakçıları məlumatlandırıb. Təqdimat bitdikdən sonra iştirakçıların rəy və təklifləri dinlənilib.

 

Ekspertlərin məzmundakı yeniliklərin irəlidə dərsliklərdə və tədris zamanı düzgün əks olunması barədə narahatlıqları olsa da, onlar hazırlanmaqda olan məzmunun siniflər üzrə paylanılmasına, cari kurikulumla müqayisədə yüngülləşdirilməsinə və təhsildə qabaqcıl ölkələrin kurikulumlarına, TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının çərçivə sənədlərinə uyğunlaşdırılmasına müsbət rəy bildiriblər.

 

Görüşün sonunda Rüfət Əzizov müzakirə olunan əsas məqamlara öz fikirlərini əlavə edib və bu prosesin böyük təhsil islahatlarının bir parçası olduğunu vurğulayıb.