Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-06 09:37:00
Sertifikasiyanın keçirilməsi mütləqdir-PROFESSOR

Bir sıra müəllimlər MİQ imtahanları keçirildiyi halda, sertifikasiyanın keçirilməsinin vacib hesab edilmədiyini iddia edir.

 

Bəs sertifikasiya imtahanlarının keçirilməsi nə üçün vacibdir? Sertifikasiya imtahanının ləğv edilməsi doğru addım sayıla bilərmi?

 

Mövzu ilə bağlı ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov AzEdu.az-a açıqlamasında MİQ və setifikasiya imtahanının keçirilməsinin vacib olduğunu söylədi:

 

"Hər zaman yeni bir ideyanı qəbul etmək insanlar üçün çətin olub. Yeni ideya insanlar tərəfindən mənasız olaraq qarşılana bilər. Lakin faktlar göstərir ki, müəyyən zaman ötdükdən sonra bunun nə qədər vacib olduğu anlaşılır. Müasir dövrdə MİQ və sertifikasiya imtahanlarının keçirilməsi nəinki zəruri, hətta vacib və məcburidir. Bu dövrün tələbidir.

 

Məzunların MİQ imtahanına göndərilməsi ali məktəblərin verdiyi diploma şübhə ilə yanaşmaq anlamına gəlməməlidir. MİQ imtahanı məzunun biliyini yoxlamaq üçün keçirilmir. Vakansiya elan edilir. 20 yer uzrə 500 nəfər müraciət edir. Bu 20 nəfəri hansısa metod ilə seçmək lazımdır. MİQ imtahanı keçirilmədiyi təqdirdə həmin yerləri təhsil səviyəsi çox aşağı olan şəxslər tuta bilər.

 

Sovet dövründə bir yer üçün bir müəllim hazırlanırdı ki, müəllim universiteti bitirdikdən sonra həmin yerdə məcburi olaraq işləməli idi. Hazırda bu sistem yoxdur. MİQ imtahanı nəticəsində nazirlik heç bir müəllimin diplomuna şübhə ilə yanaşmır. Vakansiya nəticəsində ən yüksək nəticə əldə edənlər seçilir, yerdə qalanlar yenidən hazırlaşır və yaxud tamamilə ayrı sahələrdə çalışır".

 

"Sertifikasiya imtahanı MİQ imtahanları ilə qarışdırılmamalıdır":

 

"MİQ imtahanından 5 il sonra hamı sertifikasiyadan məcburi qaydada keçməlidir. 5 il müddətində artıq məzmun, proqramlar, dərsliklər dəyişir. Müəllimlər bu dəyişikliyə hazır olmalıdır. Sertifikasiya müəllimlərin öz üzərində işləməyinə stimul verməlidir. Müəllimlər bəzən öz fikirlərini ifadə edə bilmir. Bir sürücü taksi fəaliyyəti göstərmək üçün mütləq olaraq lisenziya alır. Sertifikasiya da müəllimlərin lisenziyasıdır".

 

F.Rüstəmov son olaraq qeyd edib ki, MİQ imtahanı o zaman ləğv edilə bilər ki, təklif və tələblər eyni olsun.