Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-17 09:54:00
Sinif rəhbərliyinə görə müəllimlərə verilən əlavə ödəniş çox aşağıdır-İRAD

 

 

"Sinif rəhbərinin vəzifəsi jurnalı yazıb davamiyyəti yoxlamaqdan ibarət deyil".

 

Bunu AzEdu.az-a  açıqlamasında  təhsil eksperti, təlimçi Elnur Hacıyev sinif rəhbərlərinin vəzifələri və onlara verilən əlavələr barəsində danışarkən qeyd edib. Onun fikrincə, sinif rəhbəri vəzifəsi  olduqca məsuliyyətli və ciddi bir öhdəlikdir:

 

"Sinif rəhbərliyi vəzifəsinə görə müəllimlərə verilən əlavə ödənişin həddindən artıq aşağı olduğunu düşünürəm. Ancaq tələblər də o qədər yüksək deyil. Olsa belə məbləğin azlığı səbəbindən müəllimlər öz vəzifə öhdəliklərini tam şəkildə yerinə yetirmək istəmir. Bu ödənişi əməkhaqqına kiçik bir əlavə kimi qiymətləndirir. Sinif rəhbərləri təlim-tərbiyə və tədrisin işinin təşkilini həyata keçirirlər. Bu çox ciddi və səlahiyyətli işdir. Məhz bu öhdəliklərin məsuliyyətini nəzərə alaraq həmin müəllimlərin əməkhaqqına yenidən baxılmalıdır".

 

 

Təhsil eksperti: "Sinif rəhbərlərinin vəzifə və səlahiyyətləri də ciddi şəkildə nəzərdən keçirilməlidir"

 

"Bununla yanaşı, sinif rəhbərlərinin vəzifə və səlahiyyətləri də ciddi şəkildə nəzərdən keçirilməlidir. Bu vəzifə öhdəlikləri tamamilə başqa formatda olmalıdır. Sinif rəhbərinin vəzifəsi jurnalı yazıb davamiyyəti yoxlamaqdan ibarət deyil. O öz sinifində olan bütün şagirdlərin fənlərdəki fəallığı, psixologiyası, mənəvi durumu ilə bağlı  məsələlər haqqında maksimum məlumatlı olmalıdır. Şagirdlərini yaxından tanımaq sinif rəhbəri üçün üstünlük hal sayılır. Bu göründüyü qədər sadə bir iş deyil. Olduqca çətin  və məsuliyyətli bir öhdəlikdir. Bu baxımdan əməkhaqqıya əlavə olaraq ödənilən məvacibin adekvat olmadığını düşünürəm. Amma bunu da qeyd etmək istəyirəm ki, hazırda sinif rəhbərliyi işi həmin müəllimlər tərəfindən yetəri qədər icra olunmur. Əlbəttə, bu vəziyyət hamıya şamil olunmur. Çox cüzi ödəniş edildiyi halda işini vicdanla görən müəllimlər də var". 

 

Ekspert hazırki vəziyyətdə məvacibin  adekvat olduğunu düşünür:

 

"Əslində hazırda fəaliyyət adekvat olaraq qiymətləndirilə bilər. Çünki məvacib olduqca aşağıdır və müəllimlər də buna uyğun zəif fəaliyyət göstərirlər. Məvaciblə fəaliyyət mütənasib olduğu üçün balans gözlənilir".