Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-13 12:37:19
“Yeni nəşr olunan vəsaitlərdə mənbələr əsasında test nümunələri yoxdur”-Ekspert

 2019-cu ildə qəbul imtahanlarının yeni təhsil proqramı(kurikulum) əsasında keçiriləcəyinə görə valideynləri narahat edən dərsliklər və abituriyentlərin hazırlığı üçün dərs vəsaitləridir. Bəs DİM tərəfindən nəş olunan bu vəsaitlər yeni qaydalara nə dərəcədə cavab verir?

Təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında bildirib ki,  2008-ci ildən etibarən Azərbaycan orta məktəbləri kurikulum əsasında tədris həyata keçirir:

“2019-cu ildə ali məktəblərə qəbul imtahanları da yeni qaydada həyata keçiriləcək. Bu qəbul imtahanlarında istifadə olunacaq test tapşırığı modellərinə uyğun olaraq 3 ildir ki, Dövlət İmtahan Mərkəzi (DİM) fənlər və siniflər üçün “Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” adlı vəsaitləri nəşr edir. Bu il yenidən çap olunan, qüvvədə olan tədris proqramına və fənn kurikulumlarına uyğun tərtib olunan bu vəsaitlər orta məktəb şagirdləri, abituriyentlər və müəllimlər üçün etibarlı mənbədir. Hazırda satışda kifayət qədər yeni qəbul modeli və qiymətləndirmə standartlarına uyğun vəsaitlər satılır”.

Ekspert qeyd edib ki,  vəsaitlərdəki tapşırıqlar yalnız bilikləri deyil, həm də bacarıq və qabiliyyətləri aşkara çıxarmaq imkanları yaradır:

“Qiymətləndirmə tapşırıqları işlənib hazırlanarkən test tapşırıqları ilə yanaşı, diaqramlar, sorğular, esselər, sxemlər, cədvəllər, mətnlər, situasiya tapşırıqlarından istifadə olunub. Qeyd olunan modellər 2019 - cu ildə qəbul imtahanlarında istifadə olunacaq nümunələrdir. Bu, eyni zamanda şagirdlərin yeni qəbul imtahanlarına səmərəli şəkildə hazırlaşması, orta məktəblərdə müəllimlərin şagirdin bilik və bacarıqlarının düzgün qiymətləndirməsi üçün yaxşı imkandır. Hesab edirəm ki, təqdim olunan test kitabçasında mənbələr əsasında test tapşırığı nümunəsi yoxdur. Bundan başqa, qiymətləndirmə meyarları yoxdur, yəni  hansı tipli test tapşırığı hansı balla qiymətləndirilir bu barədə məlumat verilməyib. Düşünürəm ki, bunların olmasına ehtiyac var. Həmçinin yaxşı olardı ki, test kitabçalarında cavab kartı nümunələri də olsun. Bununla şagirdlərin, abituriyentlərin cavab kartında işləmə bacarıqları formalaşar”.

Qeyd edək ki, yeni vəsaitləri aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar (Vəsaitlərin elektron qaydada sifarişi sentyabrın 17-dən etibarən mümkün olacaq):

  • Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
  • Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.