Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-15 12:15:00
Ukrayna təhsili– Hər gün bir məktəb dağıdılır,  müəllimlər isə ölkəyə geri dönür  

 

 

“Xaricə getmək məcburiyyətində qalan 2000-ə yaxın müəllimin yarıdan çoxu vətənə qayıdıb”.

 

Ukrayna-Rusiya arasında müharibə artıq 8 aydır ki, davam edir. Sentyabr ayında Rusiya Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan etdi.

 

Noyabrın 11-də Rusiyanın Xersondan çəkildiyini elan etməsi və Ukrayna qoşunlarının bu bölgəyə daxil olması isə müharibənin dönüş nöqtəsi kimi qiymətləndirilir.  Xersonun azad olunması bütün ölkədə böyük təntənə ilə qeyd olundu və Ukraynanın qələbəsinin xəbərçisi kimi dəyərləndirildi.

 

İşğal müddətində regionlarda xüsusilə təhsil sahəsi böyük mənfi təsirə məruz qaldı. Bir çox təhsil müəssisələri dağıdıldı, müəllimlər təzyiqlə üzləşir, məktəblərdəki əyşalar oğurlanırdı.

 

AzEdu.az xəbər verir ki, işğal olunan və təhsili ən çox ziyan görən bölgələrdən biri də Donetskdir.

 

Ukraynanın Elm və Təhsil naziri Sergey Şkarlet 2022-2023-cü tədris ilində fəaliyyət göstərən təhsil müəssisələrinin sayı azaldığını qeyd edib:

 

“Hazırda 298 ümumi orta təhsil müəssisəsində 104,1 min şagird distant təhsillə təhsil alır. Regionda vəziyyət son dərəcə ağırdır. Rusiya Federasiyasının Donetsk vilayətinə genişmiqyaslı hərbi müdaxiləsi başlayandan indiyədək 667 təhsil müəssisəsi zədələnib, 65-i dağıdılıb. Təəssüf ki, Donetsk vilayəti zərər görən təhsil müəssisələrinin ümumi sayına (64%-dən çox) görə birinci yerdədir. Hər gün ən azı bir təhsil müəssisəsi rus təcavüzkarlarının əlindən əziyyət çəkir”.

 

Nazir hazırda davam edən hərbi əməliyyatlara baxmayaraq tədrisin bölgələr üzrə müxtəlif formalarda təşkilinə nail olunduğunu, müharibə səbəbilə ölkəni tərk edən müəllimlərin çox hissəsinin geri qayıtdığını söyləyib:

 

 

“Tədrisin bərpa edildiyi məktəblərin bir qismində sığınacaqlar yaradılıb, uşaqların sayının artmasına baxmayaraq, müəllim çatışmazlığı var. Rayonda 27 000-ə yaxın pedaqoji heyət təhsil xidməti göstərməkdə davam edir. Xaricə getmək məcburiyyətində qalan müəllimlər geri qayıdırlar. Belə ki, ölkəni tərk edən 2000-ə yaxın pedaqoji heyətdən yarıdan çoxu artıq vətənə qayıdıb”.