Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-22 09:00:00
Deputatdan sərt təhsil iradı - Bunun axırı yaxşı olmayacaq

 

Artıq bir neçə gündür ki, 2022-2023-cü tədris ilinə start verilib.

 

Yeni tədris ilinə ölkə təhsili bir sıra problemlərlə qədəm qoyur.

 

Lakin bu problemlərin hər biri müxtəlif şəxslər üçün fərqli xarakter daşıyır və onlar bu kimi halları fərqli baxış bucaqlarından görürlər.

 

AzEdu.az-a danışan deputat Elman Nəsirov  vurğulayır ki, təhsil dövlətin əsas strateji sahələrindən biridir:

 

 

Təhsil strateji sahələrdən biri olduğu üçün millətin gələcəyi onun inkişafından aslıdır. Prezident İlham Əliyevin təhsil strategiyasının əsasını  gənclərimizin bilikli, savadlı, dünyagörüşlü, müasir texnoloji yeniliklərdən istifadə etməyi bacaran və vətənpərvər ruhda olması təşkil edir. Bunların hamısının inkişafı təhsil və məktəbdən başlayır. Təhsil müəssisələrinin maddi-texniki bazasının inkişafı  aparılır, bu istiqamətdə dövlət siyasəti yürüdülür. 3500-dən çox məktəb tikilir və təmir-bərpa işləri görülür. Təhsil dövlətimizin qayğısı ilə əhatə olunub. Eyni zamanda bizə keyfiyyət göstəriciləri də çox vacibdir. Müasir dünyada dövlətlər öz yerini müəyyən edərkən  elm və təhsil sisteminə söykənməyi üstün tuturlar. Günümüzdə  təhsilli dövlətlər dünyanın siyasi xəritəsində də xüsusi yer və çəki əldə edir”.

 

Deputat təhsil sahəsində üzləşdiyi əsas problemləri diqqətə çatdırır:

 

Bir valideyn olaraq təhsildə qarşılaşdığım problemlərə münasibət bildirmək istəyirəm. Hesab edirəm ki, şagirdlər həddindən artıq yüklənirlər. Hətta deyərdim ki, onların çantalarını valideynlər daşımasa,  özlərinin bunu daşımaq imkanı olmayacaq. Əgər özləri daşısalar, onların onurğa sütünunda ciddi sağlamlıq problemlər yaranacaq. Bu qədər əlavə yüklənmə və  ev tapşırıqlarının çox olmasını düzgün hesab etmirəm. Əvvəllər uşaqlar üçün bel çantasından istifadə edirdik, indi isə təkər üzərində olan məktəbli çantalarından yararlanırıq. Mənə elə gəlir ki, bu məsələyə ciddi yanaşmaq lazımdır”.

 

Elman Nəsirov dərsliklərdə qarşılaşdığı problemlərdən söz açıb:

 

Dərsliklərdən çox narazıyam. Bu məqamda xüsusi ilə tarix dərsliklərini vurğulamaq istəyərdim. Lazımsız fakt və informasiyalar, “Filankəs filankəsin xalası oğludur” kimi məlumatlar şagirdlər üçün əlavə yük xarakteri daşıyır. Tarix kitablarına lazımsız informasiyalar doldurmaq düzgün deyil. Bəzən görürük ki, bir dərsliyi yazmaq üçün müəllif zəhmət çəkmədən dissertasiyadan hazır yazını orta məktəb üçün dərsliklərin  yazılmasında istifadə edir, bu, qəbuledilməzdir. Hesab edirəm, dərsliklərimizə  yenidən baxılmalıdır. Bu məsələ birdəfəlik həllini tapmalıdır, çünki şagirdləri bu qədər yükləmənin sonu yaxşı olmayacaq. İnsan beyninin məlumatları götürməsinin bir həddi var, bu, uşaqlarda psixoloji problemlər yaradacaq. Elə etmək lazımdır ki, tarix üzrə əsas məzmun, məna və problemin verilməsi önə çıxsın. Yəni bütün  məsələlər düşündürücü olmalıdır. Dərsliklərdə vətənpərvərlik hisslərini  daha da gücləndirən materiallar  öz əksini tapmalıdır, bəzən   tarix kitablarımızı oxuyanda elə təsəvvür formalaşır ki, bizim babalarımız məğlubiyyətə düçar olub, niyə onlar qəhrəmanlıq göstərə bilməyib kimi fikirlər şagirdlərin ağlına gəlir. Bəzən uşaqlara  elə informasiyalar aşılanır ki, bu onlarda düzgün fikirlər formalaşdırmır. Bizim qələbə və zəfər tariximiz yenidən yazılmalı və cəmiyyətimizə  təqdim edilməlidir. Şagirdlərimiz də bu ruhda tərbiyə almalıdır.Bu məsələyə həssas yanaşmaq lazımdır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları