Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-10 12:30:00
Deputat sertifikasiyanın nəticələrindən danışdı: “Gənc müəllimlərdə düşüncə və məntiq faktoru aşağıdır”

“Elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanlarının nəticələri barədə danışarkən müəllimlərin bəzilərinin sadə sözlərin yazılışını səhv bilməsi faktlarını gərək deməyəydi. Təəssüf ki, burada xeyli müəllimdən söhbət gedir. Bu, müəllim adına xələl gətirir.

Həmin görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov da var idi. Nazir rektordan soruşa bilərdi ki, həmin müəllimlər 4 il ərzində universitetdə təhsil alıb, pedaqogika və psixologiya öyrəniblərsə, niyə primitiv sözlərdə hərf səhvlərinə yol veriblər?! Axı Elm və Təhsil Nazirliyi institutların saxlanılması və inkişafı üçün hər il külli miqdarda vəsait ayırır. Yəni qrant layihələrinə xərclənən milyonların heç bir əhəmiyyəti olmadı ki, xeyli müəllim elementar sözlərdə belə hərf səhvlərinə yol verdi?!”

Bu fikirləri AzEdu.az-a açıqlamasında Milli Məclisin deputatı Etibar Əliyev deyib.

Deputat qeyd edib ki, asan test tapşırığını düzgün cavablaya bilməyən müəllimin şagirdə hansısa mətni şərh edə bilməsi mümkün deyil.

“Təəssüf ki, ölkədə 1991-ci ildən bəri indiyə qədər təhsilin heç bir pilləsinin akkreditasiyası keçirilməyib, keyfiyyətə qiymət verilməyib. Bu gün tədris edilən fənlər dövrün çağırışlarına cavab vermir, uyğun məzmuna malik deyil. Ona görə də belə xoşagəlməz vəziyyət yaranır. Fikrimcə, biz riyaziyyat və digər fənlərdən daha acınacaqlı savadsızlığın şahidi ola bilərik. Ali məktəblər, orta ixtisas təhsili müəssisələri, eyni zamanda Elm və Təhsil Nazirliyinə tabe olan və sırf muəlimlərin təkmilləşdirilməsi və qiymətləndirilməsi işini həyata keçirən institutlar işlərinin öhdəsindən gələ bilmir. Bir nümunə göstərim: müəllim hazırlayan universitetlərin birində tələbələrə fizika fənnindən çox sadə sual verdim, amma onların heç biri sualı düzgün cavablandırmadılar. Digər ali məktəbdə isə 3-cü kurs tələbələri kimya fənnindən dəmirin və xlorun valentliyini bilmədilər. Nəzərə almaq lazımdır ki, valentlik kimya fənninin “vurma cədvəli”dir”, - deyə Milli Məclisin üzvü qeyd edib.

E.Əliyevin dediyinə görə, müəllimləri yaş həddinə görə qiymətləndirdikdə nəzərə almaq lazımdır ki, yuxarı yaş həddinə malik olanlar uzun illər kurikulum metoduna uyğun tədris aparmayıblar: “Hesab edirəm ki, yaşı 40-dan yuxarı olan müəllimlərin əksəriyyəti özlərinə arxayındırlar. Gənclər isə qorxduqları üçün əzbərçiliyə meyillənirlər və bu səbəbdən, xüsusilə test imtahanlarında daha uğurlu nəticə əldə edirlər. Lakin gənc müəllimlərdə düşüncə və məntiq faktoru aşağıdır, sadəcə əzbərçiliyə üstünlük verirlər. Müəllimlər daha mürəkkəb yoxlamadan keçirilsəydilər, onların bilik və bacarıqlarını nisbətən dəqiq qiymətləndirmək olardı. Müəllimin sadəcə “şaftalı” sözünün düzgün yazılışını bilib-bilmədiyini yoxlamaqla onu ümumi qiymətləndirmək mümkün deyil”.

Xatırladaq ki, sentyabrın 7-də keçirilmiş Təhsil işçilərinin sentyabr konfransda Elm və Təhsil naziri Emin Əmrullayev sertifikasiya imtahanlarının nəticələri barədə danışıb. Nazir qeyd edib ki, xüsusilə 40-55 yaşlı müəllimlərin nəticələri bizi  daha çox narahat edir, çünki onlar sertifikasiyanın test mərhələsində aşağı bal toplayıblar. E.Əmrullayevin sözlərinə görə, müəllimlər hətta sözlərin düzgün yazılışında belə səhvlərə yol veriblər, onların arasında hətta “şaftalı” sözünü belə doğru yaza bilməyən müəllimlər var”.