Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-09 10:14:00
Bağça müəllimi üzrə elektron sənəd qəbulu başa çatır

Avqustun 9-da məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu yekunlaşır.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər avqustun 9-u saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

 

Müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid isə 20 sual təqdim ediləcək. Test tapşırıqlarının cavablandırılması üçün 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulub. Bu mərhələdə hər sual üzrə 1 bal olmaqla, ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. Bir səhv cavablandırılmış sual - 0,25 bal şəklində hesablanacaq.

 

Qeyd edək ki, müsahibə mərhələsinin nəticələri də ümumi bala təsir göstərəcək. Belə ki, ümumilikdə müsabiqənin test və müsahibə mərhələlərinin yekun nəticələrinə uyğun olaraq namizədlərin vakansiyalara yerləşdirilməsi il ərzində mərhələli şəkildə həyata keçiriləcək.

 

Müsahibə mərhələsi haqqında yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.