Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-26 10:16:00
AMEA-dan Aztv-yə geniş cavab –“Yay vaxtıdır, alimlərin də çoxu istirahətdədir”

 

AzTV Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti barədə süjet hazırlayıb.

 

Süjetdə qurumun fəaliyyəti sərt şəkildə tənqid olunub.

 

Belə ki, saat 18:00 olmasına baxmayaraq,   AMEA-nın binasından heç kimin çıxmaması gözdən yayınmayıb. Vəziyyət belə olduqda akademiyaya daxil olan jurnalist dəhlizlərdə işığın söndüyünü və və işçilərin orada bir müddətdir ki,  olmadığını müşahidə edib.

 

Sonra isə insanlardan AMEA haqqında fikir alan jurnalist onların da qurumun fəaliyyətindən narazılıq duyduğunu öyrənib.

 

AzEdu.az-a danışan AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva sujeti qərəzli hesab edir:

 

“Hazırda AMEA-da çalışan şəxslərin çoxu məzuniyyətdədir. Ola bilər ki, kimsə 15-20 dəqiqə tez çıxsın, bu, mənfi fikir yürütməyə əsas vermir. Burada neqativ münasibət bildirmək düzgün deyil. Yay vaxtıdır,  alimlərimizin çoxusu istirahətdədir, onlar qanuni əmək məzuniyyətindədirlər. Burada heç bir problem yoxdur”.

 

O, qeyd edib ki, iş saatları fərqli tənzimlənə bilər:

 

“Ola bilsin ki, institutlar fərdi olaraq iş vaxtını müəyyənləşdiriblər. Onlar bir saat iş rejimini irəli çəkə və tez gedə bilərlər. Bütün bu məlumatları bilmədən birmənalı olaraq  fikir yürütmək  doğru deyil. Məncə  ararşdırma aparmaq lazım idi, bəlkə institutlardan soruşmaq olardı ki, onlar iş saatlarını necə tənzimləyirlər. Əmək məcəlləsinə uyğun olaraq 8-9 saatlıq iş rejimini tamamlamaq əsasdır. Bir qayda yoxdu ki, hər yerdə iş mütləq 18:00-da bitsin”.

 

Azadə Balayeva vurğulayıb ki, qurumun ikinci qapısı var və alimlər oradan da çıxa bilər:

 

“Həmçinin, AMEA-nın ikinci girişi də var, xüsusi avtomobili olan şəxslər o qapıdan istifadə edir.

 

Müxbirin qapının qarşısında dayanaraq monitorinq keçirməsi və heç kimin çıxmadığını görməsi o demək deyil ki, insanlar işləmir. Bu, çox qeyri-peşəkar yanaşmadır və  kənardan baxdıqda qərəzli görünür. Ona görə də bu yanaşmanı haqlı hesab etmirəm”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları