Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-15 09:13:00
bp Azərbaycanda önəmli sahələri dəstəkləyir - Deputatlar belə QİYMƏTLƏNDİRDİLƏR

Böyük Britaniyanın tanınmış neft şirkəti bp Azərbaycanda fəaliyyətinin 30 illiyini qeyd edir. Şirkət gələn onilliklərdə də bu regiondakı biznesini əsas layihələrə və inkişaf perspektivi olan sahələrə yönəldəcəyini, birgə enerji layihələrini təhlükəsiz və səmərəli həyata keçirəcəyini açıqlayıb.


Lakin bp Azərbaycanda təkcə neft sektorunda deyil, iqtisadiyyatın digər bölmələrində, o cümlədən təhsil, mədəniyyət, sosial və s. sahələrdə də fəaliyyəti ilə diqqət cəlb edir. bp şirkəti ölkə əhəmiyyətli məsələlərdə maliyyə ayırmaqla, özəl sektorun bu sahələrə dəstəyinə ən yaxşı nümunələrdən birini sərgiləməkdədir.

 


Bununla əlaqədar Modern.az-a danışan Milli Məclisin deputatları da bp-nin müxtəlif sahələrdə həyata keçirdiyi layihələri yüksək qiymətləndiriblər.



Parlamentin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun fikrincə, şirkətlərin, holdinqlərin xüsusilə təhsil sahəsinə diqqət, qayğı göstərməsi, maliyyə ayırması önəmli məqamdır:

“Azərbaycanda bunun ənənəsi var. Müəllifi isə Hacı Zeynalabdin Tağıyevdir. Bakı milyonçusunun xeyriyyə işləri, təhsil sahəsinə diqqəti hər birimizə məlumdur. Azərbaycan xalqının biliyinin artırılması istiqamətində görülən işlər təqdirəlayiqdir. Azərbaycanda bu gün də fəaliyyət göstərən bir sıra şirkətlər təhsilə mümkün qədər diqqət və qayğısı ilə seçilirlər. Belə nümunəni ən çox göstərən isə bp-dir. Şirkətin Azərbaycan universitetləri ilə əməkdaşlığını, müxtəlif layihələr həyata keçirdiyini görürük. Bəzi universitetlərin təhsil proqramlarının maliyyələşdirilməsini həyata keçirir. Məsələn, bir müddət öncə Dövlət İdarəçilik Akademiyasının kitabxanasının yenidən qurulmasında bp-nin rolunu gördük. Bir sıra dərsliklərin nəşrini də bu şirkət öz üzərinə götürüb. Bu çox önəmlidir. Özəl sahə ilə təhsilin əməkdaşlığı, birgə fəaliyyəti, addımları çox önəmlidir. Bu addımlar davamlı və sistemli olmalıdır. Təhsilimizə, təhsillə bağlı layihələrə, ədəbiyyatın nəşrinə nə qədər çox diqqət ayrılsa, insanların intellektual şüurunun artmasına bir o qədər müsbət təsir göstərəcək”.
 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə isə diqqətə çatdırıb ki, bp ilə Azərbaycan arasında iqtisadi münasibətlər 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandıqdan sonra qurulub:

“bp dünyanın ən böyük neft şirkətlərindən biridir. Təkcə Azərbaycanda deyil, dünyanın neft istehsal edən bütün ölkələrində bp ilə əməkdaşlıq etmək, neft kontraktlarında pay sahibliyi baxımından avantajdır. Həm yüksək maliyyə resurslarına malikdir, həm də neft  texnologiyalarının inkişafı nöqteyi-nəzərdən öndədir. Xüsusilə, neftin dənizdən çıxarılması məsələsində bp böyük təcrübəyə malikdir.

Xarici neft kompaniyaları fəaliyyət göstərdikləri ölkələrdə tək öz sahələri ilə kifayətlənmir, eyni zamanda mədəniyyətə, təhsilə, sosial, iqtisadi layihələrə də dəstək göstərirlər. Bu şirkətlər içərisində bp-nin əhəmiyyətli addımları danılmazdır. Şirkətin Azərbaycanda maliyyələşdirdiyi layihələrin bir çoxunda iştirak etmişəm, xüsusilə ali məktəblərlə bp-nin əməkdaşlığı, tələbələrin ali təhsil almasında maliyyə dəstəyi, Azərbaycanda neft sahəsini bitirən tələbələrin şirkətdə işləməsi, yaxud şirkətin xətti ilə başqa xarici kompaniyalarda işlə təmin olunmasında bp-nin xüsusi rolunu qeyd etməliyəm. Azərbaycandan olan işçilərlə bağlı sosial müdafiənin güclü olduğu danılmazdır. Bilirsiniz ki, bu şirkətdə əməkhaqqı olduqca yüksəkdir və sosial müdafiəsi də təmin edilir. Ona görə, bp-nin Azərbaycanda fəaliyyəti önəmlidir. Azərbaycan tərəfi neft kontraktlarının müddətini uzatdı və buna görə, bp ilə əməkdaşlıq davam edəcək. Təkcə neft sənayesində deyil, digər sahələrdə də bu beynəlxalq şirkətin rolu daha da artacaq”.